Tanınmış aparıcı Günay Firudinqızı maraqlı təşəbbüslə çıxış edib. O, şəxsi kitabxanasına məxsus yüzə yaxın kitabını paytaxt kitabxanalarına hədiyyə edib. Tez bir vaxtda onun bu təşəbbüsünü alqışlayan insanlar ona qoşularaq kitablarını hədiyyə etməyə qərar veriblər.
Yenicag.az-a açıqlama verən aparıcı bu layihənin bölgə kitabxanalarını da əhatə edəcəyini bildirib. Həmkarları arasında mütaliəsi ilə seçilən aparıcı deyib ki, bu gün mütaliəyə hər kəsin ehtiyacı var:
“İstəyirəm, kimlərəsə faydam dəysin. Bir misal var e, varını verən utanmaz. Kitablar da mənim sərvətimdir. Əlimə düşən pula, ilk növbədə, kitab almışam, çünki bu, mənim uşaqlıqdan bəri alışdığım bir xüsusiyyətdir. İçimdən gəldi və məni buna ürəyim vadar etdi ki, şəxsi kitabxanama məxsus kitablarımın bir hissəsini kitabxanalara hədiyyə edim”.
“Çoxdankı arzum idi ki, belə bir təşəbbüs göstərim və maraqlı bir layihəyə başlayım. Artıq bu işə start verdim və paytaxt kitabxanalarından başladım. Qarşıda bölgə və kənd kitabxanalarını da unutmamışam, onlara da kitabxanamdan kitab bağışlayacağam. Onsuz da o kitabların əksəriyyətini oxumuşam. İstəyirəm, insanlara da bir faydam dəysin. Hər dəfə o kitablar oxunduqca, mən də ruhən özümü xoşbəxt hiss edəcəyəm”, – deyə o, əlavə edib.
“Bu təşəbbüsə başladığım ilk gündən məni alqışlayan, dəstəkləyən və mənə qoşulanlar da oldu. Getdikcə, bu işi daha da genişləndirmək istəyirik. Yaxın zamanlarda tanınmış insanları, ictimai-siyasi xadimlərin də bu layihəyə qoşulacağını görəcəksiniz. Çünki bu gün insanların, cəmiyyətin mütaliəyə, aydınlanmağa daha çox ehtiyac var. Bu istiqamətdə geniş planlarımız var, zamanı gəlincə, açıqlayacağam”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Cəvahir
www.yenicag.az