İkibaşlı qartalın CƏNUB ARZUSU – Putinin verdiyi mesajdakı İNCƏ NÜANS – SENSASİYA
“İkibaşlı qartal simvolu müxtəlif mədəniyyətlərdə işlədilən qədim rəmzdir. Anadolu Səlcuqluları dövründə dövlət gerbi kimi qəbul edilmiş və saray bəzəklərində geniş yayılmışdı. Eyni zamanda Bizansda da istifadə olunduğu üçün daha sonralar Moskva knyazlığı bu simvolu “üçüncü Roma” anlayışının bir parçası kimi qəbul edərək dövlət gerbinə daxil etmişdir. Bununla belə, rus mədəniyyətinə yalnız Bizans deyil, qədim türk təsirləri də daxil olmuşdur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi Rusiya prezidenti Vladimir Putinin “İkibaşlı qartal simvolu Rusiyanın strateji maraqlarını yalnız qərbdə və şərqdə deyil, həm də cənubda əks etdirir” ifadəsinə münasibət bildirib.
Analitikin fikrincə, Rusiyanın idarəçilik və hərbi terminologiyasında bir sıra türk mənşəli sözlərə rast gəlmək mümkündür:
“Məsələn, “boyar” sözünün kökü bəzi araşdırmalara görə “boy əri” ifadəsi ilə bağlıdır. Burada “boy” tayfanı, “ər” isə igidi, nümayəndəni bildirir. Yəni “boy əri” – tayfanın əri, onun nümayəndəsi deməkdir. Eyni şəkildə “yasavul” sözü də qədim türklərdə inzibati və hərbi məmur adı olub və sonradan rus idarəçilik sisteminə keçmişdir. Bu təsirlər xüsusilə Qızıl Orda dövründən sonra daha da güclənmişdir”.
Onun sözlərinə görə, Putinin bəhs etdiyi “cənub” anlayışı dəqiq kontekstdən asılıdır, lakin tarixi ənənəyə görə Rusiya “cənub” dedikdə, əsasən, Cənubi Qafqazı nəzərdə tutur:
“1820-1920-ci illərdə Rusiya bu bölgədə Qacarları, Osmanlını və Avropa təsirlərini sıxışdıraraq Qafqazı öz təsir dairəsinə daxil etmişdir. Buna görə də Rusiya uzun illərdir Cənubi Qafqazı özünün strateji məkanı kimi görür. Lakin müasir dövrdə Azərbaycan balanslı siyasət yürüdür. Heç bir dövlətin təsir dairəsində olmaq istəmir və əksinə, həm Türkiyə, həm Qərb, həm də Rusiya ilə paralel əlaqələr qurur”.
“Azərbaycanın əsas mövqeyi suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsidir. Əgər “cənub” ifadəsi Rusiyanın gələcəkdə Cənubi Qafqazı özünə qatmaq niyyətinə işarə edirsə, bu təhlükəli yanaşmadır. Çünki beynəlxalq hüququn əsas prinsipləri dövlətlərin suverenliyi və ərazi bütövlüyünü təmin edir. Azərbaycan isə bu prinsiplərə istisnasız şəkildə hörmət olunmasını tələb edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov