İran-İsrail münaqişəsi YENİ FAZADA: "Dünyanın yeni nizamına təsir edə bilər"
“İsrail İran üzərində psixoloji təzyiq vasitələrindən istifadə mərhələsinə keçib”
Yenicag.az-a açıqlama verən politoloq Aytən Qurbanova, İsrailin İran üzərində psixoloji təzyiq vasitələrindən istifadə etməyə başladığını və son hadisələrin geosiyasi balansda ciddi dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb.
Politoloq, xüsusilə, İsrailin iyun ayının 29-da İranın hava məkanına keçərək Tehran şəhəri üzərində təbliğat vərəqələri səpələməsini şərh edib:
“Son bir müddət ərzində Orta Şərqdə geosiyasi balansı dəyişə biləcək mühüm hadisələr baş verir. Bir tərəfdən, İsrail-İran müharibəsinin on iki gün davam edən atəşkəsinin dəfələrlə pozulması fonunda tərəflər arasında qarşılıqlı ittihamlar və zərbələr davam edir. Digər tərəfdən isə, ideoloji mübarizə kontekstində ciddi addımlar atılır. Xüsusilə də, iyunun 29-da səhər saatlarında İranın paytaxtı Tehran üzərində uçan naməlum təyyarələrin şəhər küçələrinə təbliğat vərəqələri səpələməsi proseslərin artıq nəzarətdən çıxdığının bariz nümunəsidir. Rəsmi Tehran bu addımın İsrail tərəfindən həyata keçirildiyini iddia edir, çünki vərəqələrdə İran xalqına ‘rejim dəyişikliyi üçün birlik və həmrəylik’ çağırışı edilib.”
Aytən Qurbanova, İsrailin strateji planlaşdırma naziri Ron Dermerin ABŞ-a səfər edəcəyini də xatırladıb:
“İyunun 30-da, İsrailin strateji planlaşdırma naziri Ron Dermer ABŞ-a səfər edərək, Vaşinqtonda yüksək rütbəli Amerika rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlər çərçivəsində regiondakı son vəziyyət, İranın nüvə proqramı və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək. Bu hadisələr və səfərlər İran-İsrail münasibətlərindəki yeni mərhələnin başlandığını göstərir.”
Politoloq, bu yeni mərhələnin İranın hava hücumundan müdafiə sistemindəki boşluqları bir daha ortaya qoyduğunu qeyd edib:
“İranın hava məkanının pozulması və Tehran üzərində təbliğat vərəqələrinin səpələnməsi, İsrailin artıq İran üzərində psixoloji təzyiq vasitələrindən istifadə etməyə başladığını göstərir. Bu, eyni zamanda, İranın hava hücumundan müdafiə sistemində ciddi boşluqların olduğunu bir daha sübut edir.”
Aytən Qurbanova, həmçinin bildirib ki, İran-İsrail müharibəsi hazırkı mərhələdə daha çox informasiya və diplomatik müstəviyə keçib:
“Nəticə etibarilə, İran–İsrail münasibətlərinin hazırda kritik həddə olduğu hər kəsə məlumdur. Tərəflər arasında qarşıdurma artıq proksi qüvvələr vasitəsilə deyil, birbaşa informasiya və diplomatik müstəvidə davam edir. Tehran səmasında baş verən son hadisə və diplomatik səfərlər də bölgədə yeni geosiyasi mərhələnin başlandığını göstərir. Deməli, proseslərin sonrakı inkişaf mərhələsi yalnız region üçün deyil, eləcə də yeni formalaşmaqda olan dünya nizamının gələcəyi üçün də mühüm rol oynaya bilər.”
Nurlan Cəfəri