!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvandan absurd TƏKLİF: Sərhədə üçüncü qüvvələr GƏLSİN

!Reklam – Yazi

“Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarında qeyri-adi və yeni bir məqam görmədik. Bu, əslində, təkrarlanan və artıq köhnəlmiş fikirlərdir. İstər Türkiyə-Azərbaycan münasibətləri, istərsə də Azərbaycan-Ermənistan şərti sərhədində Avropa İttifaqının müşahidə missiyasının yerləşdirilməsi məsələsi olsun – artıq Paşinyan yeni bir mövzu ortaya qoymur”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi Ermənistan Baş naziri Nikol Paşinyanın şərti dövlət sərhədində üçüncü qüvvələrin yerləşdirilməsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.

Qeyd edək ki, erməni nazir bəyan edib ki, Azərbaycan üçüncü qüvvələrin sərhədboyu yerləşdirilməsinə qadağa tətbiq etməyi təklif edir. Onun sözlərinə görə, rəsmi İrəvan Azərbaycanın bu istəyini nəzərə alaraq, təklif irəli sürüb ki, bu da həmin bəndin yalnız sərhədin demarkasiya olunmuş hissələrində tətbiqini nəzərdə tutur.

O. Qasımovun fikrincə isə demarkasiya və delimitasiya prosesi yekunlaşdıqdan sonra həmin ərazilərdə hansısa qüvvənin mövcudluğuna ehtiyac qalmır:

“Çünki sərhəd artıq dəqiqləşdirilib və mübahisəli sahələr yoxdur, buna görə də orada əlavə qüvvələrin saxlanılması məntiqsizdir. Ermənistan gələcəkdə yenə öz təhlükəsizliyini təmin edə bilməzsə və hansısa tərəflə yeni müqavilə imzalamağa çalışarsa, bu ayrıca müzakirə mövzusu ola bilər. Amma Avropa İttifaqı müşahidə missiyasının müddətinin uzadılmasına gəlincə, burada əsas rolu Ermənistan yox, Fransa oynayır. Ermənistan müstəqil qərarlar qəbul etmədiyindən, Nikol Paşinyan Emmanuel Makronun istəyinə qarşı çıxa bilmir. Çünki Ermənistanın Rusiya ilə münasibətləri ciddi şəkildə pisləşib və eyni zamanda, Avropadan aldığı dəstək tam qarantiyaya çevrilməyib. Bu səbəbdən, Ermənistan Qərblə münasibətlərini qorumağa məcburdur və missiyanın müddətinin uzadılması da məhz Fransanın istəyi ilə həyata keçirilib”.

Analitikin fikrincə, əslində, Avropa İttifaqının missiyası sülhə və sabitliyə töhfə verməkdən daha çox bölgədə gərginliyin artmasına səbəb olur:

“Çünki bu müşahidəçilər sərhəd boyunca patrul gəzintiləri edir, Azərbaycan ərazilərini müşahidə altında saxlayır və bu, Bakının narahatlığına səbəb olur. Hazırda yüksək texnologiyalar sərhəd nəzarəti üçün yetərlidir. Peyklər vasitəsilə Azərbaycan-Ermənistan sərhədində baş verən istənilən hərəkət rahatlıqla izlənə bilir. Ona görə də bu missiya daha çox manipulyasiya xarakteri daşıyır və Ermənistanın sülhpərvər imic yaratmaq cəhdinin tərkib hissəsidir”.

Politoloqa görə, Ermənistanın sülh bəyanatları yalnız söz olaraq qalır:

“Əgər rəsmi İrəvan doğrudan da Azərbaycanla barışmaq istəyirsə, ilk növbədə, Konstitusiyasında və qanunvericilik aktlarında dəyişiklik etməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından rəsmən imtina etməlidir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanla birgə rəsmi müraciət təqdim etməlidir. Minsk qrupunun saxlanmasını istəmək dolayısı ilə ərazi iddialarının davam etdiyini göstərir”.

“Nikol Paşinyanın son aylarda yayılan kitabında da Azərbaycana qarşı ərazi iddialarının yer alması onun əvvəlki erməni liderlərindən ciddi şəkildə fərqlənmədiyini sübut edir. Hətta 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməsi də bunu bir daha təsdiqləyir. Belə bəyanatlar, xüsusilə beynəlxalq platformalarda verilən açıqlamalar Ermənistanın dünya ictimai rəyində konstruktiv və sülhpərvər tərəf kimi tanıdılmasına yönəlmiş bir strategiyadır. Ancaq real addımlar olmadan, bu açıqlamaların heç bir əhəmiyyəti yoxdur”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

114
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv