Yunis Əmrə İnstitutunun sədri: “100 ildən sonra ikinci Türkologiya Konfransı Bakıda keçiriləcək”
“100 ildən sonra yenidən dünyaya müəyyən söz söyləməyə çalışacağıq”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin mədəni diplomatiya sahəsində beynəlxalq fəaliyyət göstərən qurumu olan Yunis Əmrə İnstitutunun sədri professor Əbdürrəhman Əli deyib.
O, “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbiri çərçivəsində media nümayəndələrinin suallarını cavablandırarkən qeyd edib ki, 100 il əvvəl Bakıda Türkologiya Konfransı keçirilmişdi.
“Bu Türkologiya Konfransına çox önəmli elm adamları qatılmışdı. Aradan 100 il keçdikdən sonra həmin konfransın ikincisini yenidən Bakıda keçirməyə qərar verdik. Azərbaycandakı elmi və akademik qurumlar bizə tam dəstək göstərdilər və bütün qapılarını açdılar. 26 fevralda 100 ildən sonra bu konfransı yenidən yaşayacağıq.
Ancaq bu dəfə yalnız Türkiyə və Azərbaycandan iştirakçılar olmayacaq. Dünyanın müxtəlif ölkələrində türk mədəniyyəti, sivilizasiyası və tarixi üzrə araşdırmalar aparan türkologiya mütəxəssisləri də burada bir araya gələcəklər. 100 ildən sonra yenidən dünyaya müəyyən söz söyləməyə çalışacağıq.
Söyləmək istədiyimiz isə budur: Türk milləti bütün dünya mədəniyyətlərini bir-birinə yaxınlaşdırmış, müxtəlif mədəniyyətlər arasında körpü yaratmış millətdir. Türk dili və mədəniyyəti dünya sivilizasiyasının inkişafına çox mühüm töhfələr vermişdir”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov












