Azərbaycan-İran münasibətləri: “Pezeşkianın siyasəti İranın yalnışlarını düzəltməyə xidmət edir”
“Pezeşkianın siyasəti İranın səhvlərini düzəltməyə xidmət edir.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Politoloq İranla Azərbaycan arasındakı son illərdə müsbətə doğru inkişaf edən münasibətləri şərh edərək səbəblərini izah edib:
“İran və Azərbaycan münasibətlərinin hazırkı səviyyəyə çatması iki prezident arasında hörmət və etimadla əlaqəlidir. Türk oğlu Pezeşkian ardıcıl olaraq Azərbaycana iki səfər etdi. Bu səfərlər çərçivəsində o, əmin oldu ki, Azərbaycan İran dövlətinə nəinki düşmən deyil, əksinə, bir qonşu dövlət kimi həm geostrateji, həm də geosiyasi yöndən ən faydalı, ən əhəmiyyətli ölkələrdən biridir. Məhz bu fikrin dəyişməsi, qarşılıqlı hörmət və etimad münasibətlərdə buzların əriməsinə gətirib çıxardı ki, indiki vəziyyətdə İran hökumətinin Azərbaycana qarşı münasibəti ən azından dostcasınadir. Bu da əhəmiyyətli məqamdır. Doğrudur, burda tormozlayıcı məqamlar var. İran elə bir dövlətdir ki, orda siyasi komanda monolit siyasi elitadan ibarət deyil. İranda müxtəlif güc mərkəzləri var və bunlardan biri hökumətdirsə, digəri çox ciddi səlahiyyətləri olan SEPAH-dır. O cümlədən, proseslərin başında duran və qərarverici tərəf olan Ali Rəhbəri və onun ətrafını da qeyd etmək lazımdır. Buna görə də, hələ də Azərbaycanı düşmən mövqeyində görən və bu yöndə siyasətini davam etdirən güc mərkəzləri var. Buna rəğmən, Prezident Pezeşkianın Azərbaycana etimadı və Azərbaycana yönəlik siyasətinin təməldən dəyişməsi iki ölkə arasındakı münasibətləri isti məcraya daşıya bilib. Bu baxımdan, hökumət üzvü, xarici işlər naziri Əli Bağırinin xoş sözlər işlətməsi bilavasitə bu münasibətlərdən və İran Prezidentinin Azərbaycan dövlətinə və Prezidentinə münasibətindən irəli gəlir.”
N. Miri İranın Zəngəzur dəhlizinə olan keçmiş və indiki münasibətini də müqayisə edib:
“Xatırlayırsınızsa, İran Prezidenti Azərbaycana səfərindən sonra belə bir ifadə işlətmişdi: “Necə ola bilər ki, biz bir addımlığımızda olan Azərbaycanla düşmənçilik münasibətlərində oluruq, hansı ki, bizi bir-birimizə bağlayan bir çox mənəvi bağlar var? Digər tərəfdən isə min kilometrlərlə uzaqdan gələn İsrail Azərbaycanla ən yüksək səviyyədə dostluq münasibətləri qura bilir?” Bu, uzağa gedən bir açıqlama idi və dolayısı ilə Azərbaycana qarşı düşmən münasibətinin təməldən səhv olduğunu və Azərbaycana qarşı düşmənçilik aparan korporativ maraqları ifadə etdiyini vurğulayırdı. Bu, çox doğru təsbit idi. Eyni şey Zəngəzur dəhlizinin açılma məsələsinə yanaşma tərzində də özünü göstərdi. O, açıqlamasında bu prosesə mane olmaqdansa, dəstək verməklə İranın yararlana biləcəyini bildirdi. Pezeşkian Zəngəzur dəhlizinə mane olmaqdansa, prosesə qoşulmaqla bundan faydalanmağı məsləhət gördü. Bunun nəticəsidir ki, iki ölkə arasında ticarət imkanlarının daha yüksək həddə çatması müzakirə predmeti olmaqdadır. Eyni zamanda, bu gün Rusiyadan İrana qaz təchizatı ilə bağlı konkret danışıqlar gedir. Bu qaz təchizatı Rusiyadan, Azərbaycandan keçməklə İrana çatmaq ehtimalı var. Yenə də körpü rolunu oynayan Azərbaycandır. Azərbaycanla düşmən olmaqdansa, dost olmaq İrana qazandırır. Əli Bağırinin bu səfəri çərçivəsində yeni əməkdaşlıq formatlarının üçtərəfli formata keçməsindən danışıldı. Bu üçtərəfli formatlardan biri də Türkiyə-Azərbaycan-İran formatı ola bilər. Digər format isə İran-Rusiya-Azərbaycan formatı ola bilər. Perspektivdə yekun sülh müqaviləsi imzalandıqdan sonra İran-Azərbaycan-Ermənistan üçtərəfli formatı dövriyyəyə girər ki, bu da regionda ticarət əməkdaşlığını, bütövlükdə sülhü tətikləyir. Buna görə də Azərbaycan bu gün bütün region üçün vazkeçilməz ölkəyə çevrilir. Həm coğrafi, həm də geostrateji mövqeyi ilə, həm də təşəbbüskar olduğu yeni kommunikasiya sistemləri və yaratdığı imkanlarla. Buna görə də İran Prezidenti, sözün əsl mənasında, düşmənlərin dosta çevrilməsinin tərəfdarı olduğunu ortaya qoyub ki, bu, sadəcə Azərbaycanı deyil, İranın digər müsəlman dövlətləri ilə münasibətlərini də tənzimləməyə imkan verir. Pezeşkianın siyasəti İranın səhvlərini düzəltməyə xidmət edir.”
Nurlan Cəfəri












