İlqar Mustafayevin səhhətində problem yaranıb

media-hightechnic-468x90

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə proses davam edib.

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əskərovanın sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqının yenilənməsi elan edilib.

Proses qaldığı yerdən davam etdirilib.

İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli müvəkkilinin səhhətində problemlər yarandığını bildirib:

“Kardioloqun rəyinə görə, onun ürək damarlarında 80 faiz tutulma var. Açıq əməliyyat mümkün olmadığı üçün stent qoyulub. Lakin həkimlər dedilər ki, onun həyatına ciddi təhlükə var və açıq ürək əməliyyatı olunmalıdır”.

Prosesdə zərərçəkmiş Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi suallara cavab verib.

Sual-cavab zamanı İlqar Mustafayevin vəkili deyib ki, Hesablama Palatası idarənin tabeliyində olan şirkətləri ləğv etmədiyini müvəkkilinə irad tutub. O bildirib ki, Dənizkənarı Bulvar İdarəsinin əsasnaməsinə görə, bu şirkətləri yalnız Nazirlər Kabineti ləğv edə bilər.

Həmçinin vəkil İsmayıl Kəngərli başqa bir vəsatətini əsaslandırarkən deyib ki, Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində ezamiyyə məsələsi ilə bağlı 2003-cü ilin sənədlərinə istinad edib. Vəkil bildirib ki, bu sənəd küçə süpürülməsi ilə bağlı normaları əhatə edir. O, sözügedən normativ aktın işə əlavə olunmasını istəyib. Məhkəmə vəsatəti təmin edərək həmin sənədi iş materiallarına əlavə edib.

Növbəti iclas dekabrın 17-nə təyin olunub.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İttihama görə, İlqar Mustafayev idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkili, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə əmlak alaraq leqallaşdırmaqda təqsirli bilindiyi bildirilir.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergidən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə; Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs qətimkan tədbiri, digərləri barəsində isə polis nəzarəti altına vermə tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq olan əmlak üzərinə həbs qoyulub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa