İsa Qəmbərin barış üçün uzanan əli havada qaldı?
Ellada Məmmədli: “Ramazan ayında həqiqətən də hacı olması yadına düşübsə…”
Müsavat Partiyasının fəxri başqanı İsa Qəmbər facebook profili vasitəsi ilə paylaşım edərək Ramazan ayının başlaması münasibəti ilə küsülüləri barışığa səsləyib:
“Ramazan ayının başlaması münasibətilə küsənləri barışığa, savaşanları barışa imkan saxlamağa, müşahidə edənləri savaşı körükləməməyə, böyütməməyə çağırıram”.
Bildiyimiz kimi, artıq neçə aydır ki, Müsavat daxilində ciddi ziddiyyətlər hökm sürür. Bir çox tanınmış simalar yeni rəhbərliyi qəbul etmədiyindən partiyadan çıxarılıb. Bəziləri də rəhbərliyin siyasətinə etiraz olaraq özləri təşkilatı tərk edib. Bu fonda da partiya daxilində ciddi qarşıdurmalar oldu. Hətta tərəflər bir-birinə qarşı təhqiredici ifadələr işlətməkdən belə çəkinmədilər. İndi isə fəxri başqan Ramazan ayı münasibətilə küsülüləri barışığa çağırır.
Görəsən, vaxtilə bir yerdə olan, indi isə Azərbaycan və Demokratiya Hərəkatı yaradan şəxslərin sabiq başqanın bu fikrinə münasibəti necədir?
ADR Hərəkatı sədrinin müavini Ellada Məmmədli Yenicag.az-a açıqlamasında bildirdi ki, barışıq üçün öncə Müsavatın indiki rəhbərliyi etdiyi qeyri-qanuni əməllərini düzəltməlidir: “Əslində İsa Qəmbərin bu çıxışı mənim üçün gözlənilməz idi. Yazının məğzi odur ki, gəlin barışaq. Ancaq kimlə barışaq, bilmirəm? İsa bəy sözdə deyir barışaq, ancaq əli ilə hamımızı itələdi, xəyanətkar damğası vurdu. Ramazan ayında həqiqətən də hacılığı yadına düşüb, bütün umum-küsülüyü yerə qoymaq niyyətindədirsə, onda ilk öncə Müsavatın indiki rəhbərliyindən başlamalıdır. Hazırkı rəhbərliyə bu ifadəni söyləməlidir ki, etdiyiniz bütün qeyri-qanuni əməlləri düzəltməlisiniz ki, dostlarla barışığa gedə bilək”.
ELÇİN