“Jurnalistlər binası” ətrafında SƏNGİMƏYƏN MÜBAHİSƏ: “Kiminsə hesabına şəhid ailələrinə qayğı göstərmək…” – Tural Abbaslı
“Jurnalistlərin binasının şəhid ailələrinə verilməsini düzgün hesab etmirəm. Bu, jurnalistlərlə şəhid ailələrini üz-üzə qoymaq deməkdir”.
Bu fikirləri bir qrup KİV və QHT nümayəndələrinin jurnalistlər üçün tikilmiş üçüncü binanın şəhid ailələrinə verilməsi təklifinə münasibət bildirən şəhid qardaşı, AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.
Tural Abbaslı qeyd olunan təklifin yersiz və uğursuz olduğunu bildirib:
“Kasıb, imkansız, uzun illərdir o layihəyə ümidini bağlayan jurnalistlərin hesabına şəhid ailələrinə ev veriləcək. Bu, doğru deyil. Düşünürəm ki, dövlətin kifayət qədər maliyyə resursu və mənzil fondu var ki, yeni binalar tikib, şəhid ailələrinə yardım etsin. Əgər bu təklif qəbul olunarsa, sabah başqa sahənin adamları üçün tikilmiş mənzilləri də şəhid ailələrinə təklif edərlər. Hər bir sahə üçün yardım var və bu onlar üçün də istifadə edilməlidir. Şəhid ailələri üçün də xüsusi yanaşma olmalıdır. Kiminsə hesabına şəhid ailələrinə qayğı göstərmək yersiz və uğursuz əməldir. Ola bilsin, təşəbbüs edənlər bütün detalları düşünməyiblər. Onların bu xoş niyyətindən imtina etmək lazımdır”.
Partiya sədri qeyd edib ki, şəhid ailələrini bir komplaeks içərisinə yerləşdirməyin özü də uğurlu fikir deyil:
“Ünsiyyətdə olduğum şəhid ailələri də deyir ki, böyük əksəriyyətimiz ailə başçılarını itirib. Bir kompeksdə başdan ayağa qadınlar və uşaqlar olacaq. Hamının dərdi eyni. Bu, şəhid ailələrinin normal cəmiyyətə adaptasiya prosesini ağırlaşdıracaq. Bəlkə də heç adaptasiya olmasına, dərdlərini unutmasına imkan verməyəcək. Qonşular şəhid ailələri, həyətə düşəcəklər – şəhid ailələri. Bu, uyğun deyil. Şəhid ailələrini komplekslərə yox, qeydiyyatda olduqları və ya faktiki yaşadıqları yerlər üzrə yerləşdirmək lazımdır”.
Səxavət Məmməd