“Bir sıra dövlət qurumlarında vaxtilə məhkum edilmiş şəxslərin işə qəbulunda müəyyən problemlər üzə çıxır”.
Bu fikirləri məhkumluq həyatı yaşamış vətəndaşların cəmiyyətə yenidən inteqrasiyası və işə qəbulunda yaranan problemlərə toxunan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, törədilən cinayətin xarakterinə uyğun olaraq, müəyyən müəssisələr keçmiş məhkumları işə götürməkdən yayınırlar:
“Narkotik və digər səbəblərdən məhkumluq yaşayan şəxsin hansısa müəssisəyə işə götürülməsində təsisçinin maraqlı olmaması təbii haldır. İndiki reallıqlara nəzər yetirsək, həbsxanalarda cəza çəkənlərin daha çox narkotik satışı, yaxud istifadəsi ilə məşğul olduğunu görərik.
Bir sıra dövlət qurumlarında vaxtilə məhkum edilmiş şəxslərin işə qəbulunda müəyyən problemlər üzə çıxır. Özəl sektorda isə məhkumluq həyatı yaşayan vətəndaşın maddi məsul şəxs olmamaq şərti ilə işə götürülməsində demək olar, problem yoxdur.
Ancaq təbii olaraq yenə də qərarları rəhbərlik qəbul edir. Qəsdən və ehtiyatsızlıqdan törədilən cinayətlər arasında fərq var. Xüsusilə, ehtiyatsızlıqdan cinayət törədən şəxsin işə qəbulunda heç bir problem olmamalıdır.
Cəmiyyətə inteqrasiya olunmaq vətəndaşın özündən asılıdır. Məhkumluq həyatı yaşayan şəxs səhvini başa düşdüyünü və bir daha təkrarlanmayacağını başda ailəsi olmaqla, cəmiyyətə də sübut etməlidir”.
Nəsimi Ələsgərli
www.yenicag.az