Milli Məclisdə türkdilli ölkələrin qadın liderləri əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsində türkdilli ölkələrin və icmaların qadın liderləri ilə görüş keçirilib.
Yenicag.az xəbər verir ki, görüşə “UMAY ANA – Türk Dünyası Qadınlar Birliyi”nin sədri Mualla Uydu Yücel, birliyin Azərbaycan təmsilçisi Xuraman Ağamirzə, Moldovanın Qaqauz Yeri muxtar bölgəsinin Mədəniyyət naziri Marina Semyonova, Qırğızıstan EA Dövlət Hüququ Tədqiqat və İxtisaslaşdırma Bölməsinin rəhbəri Turdukan Cumabekova, Güney Qazaxıstan Pedaqoji Universitetinin prorektoru Barşagül İsabek, Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu adına Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Qızılgül Tagandurduyeva, İstanbul Gedik Universitetinin Qadın Sahibkarlığı Tətbiqi və Araşdırma Mərkəzinin rəhbəri Ayşin Kaya Şişman, Dünya Axıskalı Türklər Birliyinin Qadın Qollarının başqanı Refika Muhammedgil qatılıblar.
Müzakirələr zamanı türkdilli ölkələrin qadın liderləri arasında əməkdaşlığın önəmi vurğulanıb. Qeyd olunub ki, ictimai birliklər, xüsusilə qadın təşkilatları cəmiyyətin inteqrasiyasında, maariflənməsində və həmrəyliyin təmin edilməsində mühüm rol oynayır.
Bildirilib ki, Azərbaycan qadınların beynəlxalq əməkdaşlığına, yeni təşəbbüslərə və birgə layihələrə həmişə açıqdır. Türk dünyası tarixində qadının yeri və rolu, çağdaş örnəklər, qadınların ictimai-siyasi həyatda fəallığının artması diqqət mərkəzinə gətirilib.
Tədbir iştirakçıları türkdilli ölkələrin qadın təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı dəstəyin artırılmasının vacibliyini xüsusi olaraq qeyd ediblər.
Toplantıda Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin deputatları Sahib Alıyev, Səbinə Salmanova və Günay Ağamalı da iştirak ediblər.