Keçmiş deputat “Azercell”in Xarici dil kursu adi ilə "abunəlik tələsi"ni AŞKARLADI
Keçmiş deputat Etibar Hüseynov ölkənin ən böyük mobil operatorlarından biri olan “Azercell”i kəskin tənqid edərək şirkəti abunəçilərin pullarını qeyri-qanuni yollarla mənimsəməkdə günahlandırıb.
Yenicag.az-ın məlumatına görə, Hüseynov sosial şəbəkədəki paylaşımında qeyd edib ki, son müddətdə telefon danışıqlarına az vaxt sərf etməsinə baxmayaraq balansının tez-tez bitməsi onu şübhələndirib. Nəticədə Azercell-in qaynar xətti ilə əlaqə saxlayan sabiq deputat, balansından pulların xəbəri olmadan “Xarici dil kursu” adlı abunəlik xidmətinə yönləndirildiyini öyrənib.
Etibar Hüseynov qaynar xəttlə arasındakı dialoqu da paylaşıb. Operatorla söhbəti zamanı məlum olub ki, o, gündə 40 qəpik ödəmək şərti ilə 3 aylıq “Xarici dil kursu”na abunə edilib. Daha maraqlısı odur ki, bu kursun da sahibinin məhz “Azercell” olduğu bildirilir.
Sabiq deputat xidməti dayandırmaq istədiyini bildirəndə isə “bunun üçün SMS kodla STOP yazılması lazımdır” cavabını alıb:
“Mən niyə harasa, nəsə yazmalıyam. Necə yazıbsız, elə də çıxardın da” deyə Hüseynov etirazını bildirsə də, operatorun “yolu belədir, biz edə bilmirik” cavabı ilə üzləşib.
Keçmiş millət vəkili hesablamasına görə, bu “gizli abunəlik” ona təxminən 40 manat ziyan vurub. O, “Azercell”in 5 milyondan çox abunəçisinin olduğunu və bunların böyük əksəriyyətinin uzun müddət belə hallardan xəbərsiz qaldığını nəzərə alaraq, şirkətin bu yolla külli miqdarda pul qazandığını iddia edib:
“Bunu hansısa bir özəl firma etsəydi, adamı bu qədər yandırmazdı. Ölkənin nəhəng bir rabitə şirkəti edir. Özü də bu qədər həyasızca, utanmazcasına,” deyə Hüseynov paylaşımını tamamlayıb.