Mehdiabad qəbiristanlığı zibil poliqonuna çevrilib: Sakinlər ŞİKAYƏT EDİR - VİDEO
Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıq ərazisi artıq illərdir ki, zibil poliqonuna çevrilib. 13 minə yaxın əhalisi olan qəsəbənin sakinləri qəbiristanlığa gedərkən ağır qoxudan və natəmizlikdən şikayət edirlər. Qəsəbədəki zibillik problemi isə hələ də həllini tapmayıb.
Problemdən şikayətlənən qəsəbə sakinləri Yenicag.az-a bildirib ki, Mehdiabad bələdiyyəsinə və Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, nəticə dəyişmir:
“Uzun müddətdir ki, bu məsələ ilə bağlı yerli bələdiyyə ilə əlaqə saxlayıb və Əli adlı bələdiyyə işçisindən yardım istəmişik. Lakin, verdiyi vədlərə baxmayaraq, heç bir dəyişiklik baş verməyib. Qəbiristanlığa gedəndə zibilin üstündə addım atmalıyıq. Qoxu o qədər pisdir ki, orada dua belə oxumaq mümkün olmur. Əli müəllim təmizləyəcəyəm dedi, amma heç nə dəyişmədi”,- deyə sakinlər bildiriblər.
Sakinlər, vəziyyətin günü-gündən daha da pisləşdiyini vurğulayır:
“Bu gün də Əli müəllimlə əlaqə saxladıq, amma o dedi ki, “zibilçi deyiləm, get hara istəyirsən, şikayət et”.
Qəsəbə sakinləri, bu məsələnin tez bir zamanda həllini gözləyir və aidiyyəti qurumlardan tədbir görmələrini tələb edirlər.
Mövzunu diqqətdə saxlayacağıq…
Məsimə Məmmədova