Keçmiş rəqibindən Arif Hacılıya qarşı ittiham – Özəl
Tural Abbaslı: “Onlar istənilən bir dəyişiklikdən qorxurlar”
Müsavat Partiyasında qurultaydan sonra hələ də gərgin durum qalmaqdadır. Seçkinin nəticələrindən narazı qüvvələrlə, qalib gələn tərəfin nümayəndələri arasında hələlik barışıq tendensiyası müşahidə edilmir. Amma nədənsə, başqanlığa namizədlər içərisində üçüncü yeri tutan Tural Abbaslı və onun tərəfdarları partiyada cərəyan edən son proseslərə loyal yanaşaraq, ümumən hadisələri kənardan müşahidə etməklə kifayətlənirlər.
Yenicag.az saytına açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı partiyada yeni rəhbərliyin təşkilata yenilik gətirməyəcəyi fikrində qaldığını bir daha təsdiqlədi: “Öncədən bəyan etmişdik ki, normal keçirilən seçkilərdə başqan kimin seçilməsindən asılı olmayaraq, qurultayın iradəsini qəbul edəcəyik. Mövqeyimiz də ondan ibarətdir ki, seçkinin nəticələrinə total təsir edə biləcək nələrsə olmayıb. Odur ki, yeni başqanı təbrik edərək, ona uğurlar arzuladıq. Partiyaya şəxslərə görə gəlmədiyimizdən burada qalaraq fəaliyyətimizi davam etdirəcəyik. Prosesdə iştirak edən və narazı qalan tərəfin mövqeyinə gəldikdə, Say komissiyasının üzvü deyiləm ki, onlara qiymət verim. İstənilən tələbi irəli sürmək, şikayət vermək onların hüququdur. Digər tərəfin mövqeyinə münasibət bildirmək hüququnu özümdə görmürəm, hamı da bir-birinin mövqeyinə hörmətlə yanaşmalıdır. Azərbaycan cəmiyyətində dəyişikliyə qorxu yaranıb. 20 ildən artıq müxalifətdə qalmaq bu insanlarda dəyişikliyə bir qorxu hissi formalaşdırıb. Onlar istənilən bir dəyişiklikdən qorxurlar. Bu psixoloji bir vəziyyətdir və ona görə heç kimi qınamırıq. Düşünürük ki, insanlar qurultayda öyrəşdiyi simalara, adlara səs verməyi üstün tutdular, nəinki yeni adlara səs vermək. Qurultay nümayəndələrinin çoxu meydan hərəkatından çıxan insanlar oldu. Onlar da artıq özləri üçün bəlli doqmalar müəyyənləşdirib və onları bu məqamdan daşındırmaq istər-istəməz çətindir. Həmçinin, təbliğat kampaniyasında şanslı namizəd olduğumuza qurultay nümayəndələrini inandıra bilmədik və səslərimiz bölündü. Qurultayda qeyd etmişdim ki, yeniləşmə prosesi, həm simada, həm siyasi kursda, həm də siyasi mübarizədə öz əksini tapmalıdır. Digər üç namizəd isə mənlə mübarizədə heç də yeni simalar deyildi. Nə ad, nə siyasi mövqe, nə siyasi mübarizə metodlarına yanaşma baxımından yeni deyildilər. Yenə də o fikrimdə qalıram. Bu gün kimsə başqan seçilibsə, onun dünyagörüşü dəyişməyib ki. Ona görə də bu fikirdəyəm ki, yeni başqanın dövründə də eyni siyasi xətt, kurs davam edəcək. Bu kursa təsir imkanlarımızın olması üçün də partiyanın təmsilçi qurumlarında təmsil olunmaq istəyirik. Ən azından yeni düşüncə tərzini Məclis üzvü olaraq, partiyanın kursuna tətbiq elətdirə bilək. Yeni rəhbərliyin təşkilata yenilik gətirəcəyini düşünmürəm. Qurultaydan öncə də bu fikirdə idim, indi də həmin fikirdə qalıram. Bu fikrin dəyişməsi yeni seçilən rəhbərliyin atacağı addımlar, edəcəyi işlərlə bağlıdır. Addımlarını analiz edəcəyik, burada yenilik olacağını görəcəyiksə, onu qeyd edəcəyik. Yox bu olmayacaqsa, onu da qeyd edəcəyik. Hər bir seçilən insanın öz komandasını formalaşdırmaq hüququ var. Hazırda yeni rəhbərlik də bununla məşğuldur. Formalaşan komandanın pisi də, yaxşısı da onun ayağına yazılacaq. Bu təyinatların uğurlu və yaxud uğursuz olduğunu bir müddət sonra onların fəaliyyətində görəcəyik. Odur ki, bir müddət onlar üçün zaman tanımağın tərəfdarıyam. İnsanların özlərini göstərmələri üçün vaxtları olmalıdır”.
Rüfət/Yenicag.az