“Satmaq öhdəliyi ilə kirayə mexanizmi əsasında mənzil sahibi olmaq istəyən vətəndaşların müraciət sayı hər gün artır”.
Bir neçə gün öncə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən kirayə ilə satılacaq yeni evlərin aylıq ödənişləri açıqlanıb. Məlumata görə, Sumqayıt “Bağça Şəhər” yaşayış kompleksində yerləşən mənzillər 2-3 otaqlıdır. Mənzillərin sahəsi 45-109 kvadratmetrdir, aylıq ödənişləri isə 297 manatdan başlayır və 719 manatadək dəyişir.
Əmlak məsələləri üzrə ekspert Mirdamət Əzizov Yenicag.az-a açıqlamasında Fond tərəfindən təklif olunan şərtlər və qiymətlərin vətəndaşların sosial vəziyyətinə uyğunluğunu dəyərləndirib.
Mirdamət Əzizovun fikrincə, Fond tərəfindən təklif olunan aylıq ödəniş qənaətbəxş hesab oluna bilər:
“İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir. Ötən müddət ərzində Fondun razılıq barədə qərarını əldə edən 397 vətəndaş artıq mənzil seçimini edib və onlardan 381-i ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsi imzalanıb.
Qeyd edim ki, hazırda Fondun balansında Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda vətəndaşların mənzil ehtiyaclarına uyğun kirayə mənzillər mövcuddur. Vətəndaşların tələbi nəzərə alınaraq Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Bağça Şəhər” yaşayış kompleksi üzrə siyahıya əlavə 80 mənzil daxil edilib.
Vətəndaşlar həmin yaşayış kompleksi üzrə təklif olunan mənzillərlə Fondun rəsmi səhifəsindən tanış ola bilərlər. Fond tərəfindən satmaq öhdəliyi ilə kirayə təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdən ibarətdir.
Hazırda Sumqayıt şəhərinin mərkəzində yeni tikili binalarda 1 otaqlı mənzillərin aylıq kirayə dəyəri minimum 300 manatdır. Satmaq öhdəliyi ilə kirayə mexanizmi əsasında mənzil sahibi olmaq istəyən vətəndaşların müraciət sayı hər gün artır. Bu da qeyd olunan mexanizmlə satılan mənzillərə tələbatın çox olduğunu göstərir”.
Gülşən Şərif
www.yenicag.az