Koçaryanın məhkəməsi OLDU – Ohanyan iştirak ETMƏDİ
Bu gün Ermənistanın Antikorrupsiya Məhkəməsində sabiq prezident Robert Koçaryan və digərlərinin işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Məlumata görə, “1 mart hadisələri” üzrə təqsirləndirilənlərdən biri olan keçmiş müdafiə naziri Seyran Ohanyan sağlamlıq problemləri səbəbindən prosesdə iştirak etməyib. Onun vəkili Karen Mejlumyan isə məhkəməyə rəsmi müraciət ünvanlayaraq, hazırda Vəkillər Palatasında ixtisas imtahanları komissiyasının üzvü olduğu üçün iştirak edə bilməyəcəyini bildirib.
Prosesin təxirə salınması gözlənilsə də, bundan əvvəl məhkəmə Armen Gevorqyanın müdafiəçisi Lusine Sahakyanın təqdim etdiyi və məzmunu açıqlanmayan vəsatəti müzakirəyə çıxarıb. Müdafiəçi vəsatətin qapalı rejimdə baxılmasını istəyib.
Xatırladaq ki, Robert Koçaryan və Seyran Ohanyan başda olmaqla Ermənistandakı vəzifəli şəxslər 2008-ci il 1 mart hadisələri ilə bağlı ittiham olunurlar. Bundan əlavə, Armen Gevorqyan iş adamı Silva Hambardzumyandan rüşvət almaqda da ittiham edilir.