“Kölgə prezident” oyunu BAŞA ÇATDI – Mask Trampdan niyə ÜZR İSTƏDİ?

media-hightechnic-468x90

“Donald Tramp və İlon Mask xarakter etibarilə bir-birinə bənzəyirlər. Hər ikisi emosionaldır və daha ötkəm, radikal davranış tərzini doğru hesab edirlər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

media-oktayqasimov

Analitik ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) sabiq rəhbəri, “Tesla”, “SpaceX” şirkətlərinin qurucusu, milyarder İlon Maskla ABŞ prezidenti Donald Tramp arasında baş verən söz savaşından sonra birincinin “X” sosial şəbəkəsində sözügedən məsələ haqqında peşman olması ilə bağlı yazdığı tviti və baş verən prosesləri şərh edib.

O. Qasımovun sözlərinə görə, Maskın Trampı dəstəklədiyi dövrdən etibarən ehtimallar ondan ibarət idi ki, bu iki şəxs liderlik ambisiyası olan şəxslərdir və heç biri kiminsə kölgəsində olmağı və ya başqasının təsiri altında hərəkət etməyi qəbul etmir:

“Onlar kənar diktələri qəbul etmirlər və bu səbəbdən bu ittifaqın uzun sürməyəcəyi ehtimalı Amerika və beynəlxalq ekspertlər tərəfindən əvvəldən vurğulanırdı. Bu ehtimallar da özünü doğrultdu. Maskın istefasından sonra verdiyi açıqlamalar və yazdığı tvitlər daha çox siyasətçi deyil, emosional və siyasətdənkənar bir şəxsin reaksiyası təsiri bağışladı. Görünən odur ki, o, Tramp administrasiyasında daha çox səlahiyyətə malik bir dairədə olmaq istəyirdi, lakin bu, baş tutmadı. Çünki Mask kimi şəxslər dövlət sisteminə uyğun fiqurlar deyillər. Hətta həmin dövrdə ABŞ cəmiyyətində belə bir narahatlıq yaranmışdı ki, Mask, əslində, “kölgə prezidenti” rolunu oynamağa və dövləti idarə etməyə can atır. Onun Avropa ölkələrindəki sağçı, millətçi qruplara dəstək verməsi də beynəlxalq aləmdə ciddi narahatlıqlar doğururdu”.

Müsahibimizin fikrincə, bəzən Maskın sərhədsiz və nəzarətsiz davranışları administrasiyada problemlər yaradırdı:

“Onun istefasından sonra yazdığı tvitlər də məhz bu xarakterindən qaynaqlanır. Lakin görünür, müəyyən məqamlarda Mask daha dərinə gedərək anladı ki, dövlətlə “oynamaq” və dövlətçiliyə qarşı sərt mövqe nümayiş etdirmək onun üçün ciddi nəticələrə yol aça bilər. Xüsusilə nəzərə almalıyıq ki, Maskın bu davranışlarından sonra Ağ Evdə vitse-prezident Ceyms Devid Vinslə aparat rəhbəri və digər rəsmi şəxslər arasında telefon danışıqları aparılıb və həmin danışıqlardan sonra Maskın yumşaq tonlu tvitləri meydana çıxdı”.

“Həmçinin belə məlumatlar yayılıb ki, Tramp administrasiyası Pentaqon və NASA-nın müəyyən kosmik proqramlarını həyata keçirmək üçün artıq Maskın “SpaceX” şirkəti ilə deyil, alternativ şirkətlərlə müzakirələrə başlayıb. Bu isə Maskın biznesinə ciddi zərbə vurub. Üstəlik, onun son dövrlərdəki davranışları nəticəsində Avropa ölkələrində “Tesla” avtomobillərinə maraq azalıb, satışlar kəskin şəkildə düşüb, bazar dəyəri isə ciddi şəkildə geriləyib”, – deyə o, əlavə edib.

Həmsöhbətimizin qənaətinə görə, görünən budur ki, Mask müəyyən mesajlar alıb və başa düşüb ki, dövlət və prezident haqqında sərt və məsuliyyətsiz çıxışlar, nəticə etibarilə, onun biznesinin çökdürülməsinə səbəb ola bilər:

“Məncə, o, bunu anladığı üçün müəyyən öhdəliklər götürüb və ortamı yumşaltmaq məqsədilə peşmanlığını ifadə edən açıqlama verib. Hər halda, bu, Tramp üçün müəyyən mənada uğur sayıla bilər. Lakin digər tərəfdən, uğursuzluq da odur ki, dövlət sisteminə uyğun olmayan, emosional və bəzən də hisslərə qapılaraq qərar verən bir şəxsin yüksək dövlət vəzifələrinə gətirilməsi və ona ciddi səlahiyyətlərin verilməsi heç də doğru addım deyil”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600