Elman Nəsirov: “Sarkisyan, ardınca da Ter-Petrosyanın qondarma respublikaya getməsində məqsədləri indiki düşdükləri mürəkkəb situasiyada Ermənistanın yeni mövqeyini formalaşdırmağa hesablanıb”
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Azərbaycanın hazırda işğal altında olan Dağlıq Qarabağa gəlib. Bu səfər çərçivəsində onun qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri ilə görüşəcəyi gözlənilir. Qeyd edək ki, Ter-Petrosyandan bir qədər əvvəl Ermənistan prezidenti Serj Sarkisyan da qanunsuz olaraq işğal zonasına gəlmişdi. Həmçinin, 2-5 aprel döyüşlərindən sonra Sarkisyan görüş üçün Ter-Petrosyanın yanına getmişdi. Bu fonda maraqlıdır, indiki və ardınca da sabiq Ermənistan prezidentinin işğal olunmuş Azərbaycan torpağına gəlişinin arxasında hansı məqamlar dayanır?
Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, indiki, ardınca da sabiq Ermənistan prezidentinin qondarma respublikaya səfərlərində məqsədləri konfliktin çözülməsi üzrə danışıqlarda yeni mövqelərini formalaşdırmaqla bağlıdır : “Münaqişənin həllilə bağlı məlum aprel hadisələri, Ermənistanın hücumuna Azərbaycan ordusunun əks həmlə ilə layiqli cavab verməsindən sonra, konfliktin çözülməsi istiqamətində yeni situasiya yaranıb. Yeni situasiyada isə Ermənistanın konkret mövqeyi yoxdur. Əvvəllər onun status-kvonu saxlamağa çalışması istiqamətində müəyyən mövqeyi vardı. İndiki vəziyyətdə isə Ermənistanın konkret mövqeyi formalaşmayıb. Mövqeyin formalaşmamasını da nəzərə alaraq Ermənistan tərəfi danışıqlardan imtina edir və fasilə götürmək istəyir ki, həmin müddətdə mövqe formalaşsın. Yəni köhnə qayda ilə münaqişəni həll etmək mümkün deyil, yeni qaydanı isə İrəvan qəbul etmək istəmir. Onlar yeni şəraitə alışmaq istəmirlər. Belə olan vəziyyətdə Ermənistanda yeni mövqenin ortaya qoyulması üçün bir neçə şərt lazımdır. Bu şərtlərdən biri də, münaqişə ilə bağlı Ermənistan daxilində ortaq fikrə gəlməkdən ibarətdir. Ümumi ortaq fikrə gəlmək isə bu günə qədər qərara alınmayıb. Birinci növbədə Ermənistan xalqı ilə hakimiyyət arasında münaqişə ilə bağlı ciddi ziddiyyətlər var. Artıq erməni xalqı Sarkisyan rejiminin heç bir addımını qəbul etmək istəmir. Eyni zamanda hakimiyyət daxilində də ziddiyyətlər yaranıb. Ermənistan siyasi hakimiyyətilə hərbi hakimiyyət arasında kəskin toqquşmalar mövcuddur. Sarkisyanın 3 generalı vəzifədən azad etməsinə Ermənistan generaliteti mənfi reaksiya verib. Onlar hesab edirlər ki, günahı generallarda deyil, sistemdə, Sarkisyan rejiminin özündə axtarmaq lazımdır. Eyni zamanda, İrəvan hakimiyyəti ilə qondarma Dağlıq Qarabağ Respublikası arasında da ziddiyyətlər yaranıb. Konfliktin həlli məsələsində Dağlıq Qarabağdakı separatçı rejimlə Sarkisyan rejimi arasında uyğun gəlməyən məqamlar var və bu məqamlar da dərinləşir. Belə çıxılmaz vəziyyətdə Sarkisyan əvvəlcə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla görüşür. Sonra da Sarkisyanın ardınca Ter-Petrosyanın da qondarma respublikaya səfəri planlaşıb. Burada məqsəd odur ki, indiki düşdükləri mürəkkəb situasiyada Ermənistanın yeni mövqeyini formalaşdırsınlar. Hələlik bu alınmır, ona görə İrəvan cidd-cəhdlə çalışır ki, indiki halda danışıqlar prosesi başlamasın. Hesab edirəm ki, mayın 9-dan, yəni Rusiyanın keçirdiyi bayram tədbirlərindən sonra, növbəti iki həftə ərzində münaqişə ilə bağlı Ermənistanın konkret mövqeyi ortaya çıxacaq və onlar danışıqlar prosesinə başlamaq məcburiyyətində qalacaqlar. Çünki bunun əksi Ermənistanı izolyasiya vəziyyətinə gətirib çıxaracaq. Ermənistan danışıqlardan imtina edir, Azərbaycan isə danışıqlara gedir. Deməli, Azərbaycanın konkret mövqeyi var və konkret addımlar atmaqda israrlıdır. Ermənistanda isə bu da yoxdur. Danışıqlara getməməklə Ermənistan diplomatik cəbhədə zəifləyir. Ona görə hesab edirəm ki, Sarkisyan, ardınca da Ter-Petrosyanın qondarma respublikaya gəlişinin səbəblərini başa düşmək olar. Onlar cəmiyyətdə konsolidasiyaya nail olmaq və bu fonda da danışıqlarda yeni mövqe ortaya qoymaq istəyirlər. Hələlik Ermənistanda bu mövqeyin formalaşması prosesi gedir”.
ELÇİN
www.yenicag.az