İxtisasca rəssam olsa da, Azərbaycan kinosunda “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış mahnı”, “Xəzinə”, “Toya dəvətnamə” və digər filmlərdə yaddaqalan obrazları ilə adını kino tarixinə yazdırıb.
Tamaşaçıların yadddaşında daha çox “Yeddi oğul istərəm”də məscidə it bağlayan Mirpaşa, “Dədə Qorqud”da isə Qaraca çoban kimi qalıb. Bu gün Azərbaycanın teatr rəssamı, Əməkdar incəsənət xadimi Elçin Məmmədovun xatirə günüdür.
Xalq artisti, tanınmış rejissor və aktyor Əbdül Mahmudbəyov sənət dostu ilə bağlı xatirələrini Yenicag.az-la bölüşüb:
“Elçin böyük sənətkar idi. Bilirsiniz ki, Elçin görkəmli rejissor Mehdi Məmmədov və aktrisa Barat Şəkinskayanın oğlu idi. “Yeddi oğul istərəm” filmində oynadığı Mirpaşa rolunu o qədər mükəmməl yaratmışdı ki, baxanda heyrətlənirdim. Yadımdadır ki, buna görə onu qınaq atəşinə tutanlar da oldu. Amma elə filmdə də cəzasını almışdı deyə çox üstünə getmədilər. Bəlkə də indiki vaxt olsaydı, bu hərəkətinə görə onu daş-qalaq edərdilər. Baxmayaraq ki, burada real həyatdan yox, filmdən söhbət gedirdi”.
Sənətkar onu da söyləyib ki, E. Məmmədov həyatda dinini sevən, Allaha bağlı insan idi:
“Dəhşət dərəcədə səmimi, təbii aktyor idi. İnsan kimi də mükəmməl idi. Ürəyi yumşaq adam idi. O boyda nəhəng cüssəli adamın ürəyi o qədər yuxa idi ki… Heyf, dünyasını erkən, həm də qəfildən dəyişdi. Eşidəndə çox sarsıldıq. Ölümü də qeyri-adi oldu. Elə oturduğu yerdə dünyasını dəyişmişdi. Təəssüflər olsun ki, o cür böyük sənətkar illərdir ki, yad olunmur. Mən saytınız vasitəsi ilə Teatr Xadimləri İttifaqına, Akademik Milli Dram Teatrına və Rəssamlar İttifaqına səslənib, deyirəm, yığışın, Mədəniyyət Nazirliyinə müraciət edin, Elçin Məmmədovun anım tədbiri keçirilsin”.
Cəvahir
www.yenicag.az