Milli dəyərlərin təməli: Ana dilimizin tarixi missiyası

media-hightechnic-468x90

Öz dilini qorumaq niyə bu qədər vacibdir?

Azərbaycan dilinin qorumaq, inkişaf etdirmək təkcə mədəni deyil, həm də siyasi vəzifədir. Dil bizə tarixi köklərlə əlaqə saxlamağa, assimilyasiyaya qarşı durmağa, milli ruhu dəstəkləməyə imkan verir

Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın ruhu, tarixi yaddaşı, milli kimliyinin əsasıdır. Ana dili nəsillər, bölgələr, etnik qruplar arasında əlaqə rolunu oynayaraq milli birliyin formalaşmasında və dövlətçiliyin möhkəmlənməsində müstəsna rol oynayır. Azərbaycan xalqı üçün ana dili təkcə mədəni irsin simvolu deyil, həm də cəmiyyətin konsolidasiyası, özünəməxsusluğunun qorunub saxlanılması və güclü dövlət quruculuğu üçün vacibdir.

İnsanlar üçün öz dilini qorumaq niyə bu qədər vacibdir? Dilimiz təfəkkür və dünyagörüşünü müəyyən edir, xalqın adət-ənənələrini, biliklərini nəsildən-nəsilə ötürür, keçmiş, indi və gələcək arasında körpü rolunu oynayır. Dilə qayğı ilə yanaşmaq, qorumaq vacibdir.

Dilin yox olmasının müasir prosesləri adətən qloballaşmanın kortəbii təsiri ilə əlaqələndirilir. Bununla belə, dilin həyat qabiliyyətini ilk növbədə insan amili – dildə danışanların dəyər yönümləri, linqvistik səriştəsi, dillərin qorunub saxlanılması və inkişafı probleminə məsuliyyətli  yanaşması müəyyən edir. Hər bir dilin vəziyyəti milli-demoqrafik, linqvistik, iqtisadi inkişaf səviyyəsi və digər amillərdən asılıdır. Bütün bu amillər daha çox cəmiyyətin dilə şüurlu təsirindən asılıdır.

Kökü tarixin dərinliklərinə söykənən ümumtürk mənşəli Ana dilimiz-Azərbaycan dili də milli-mənəvi sərvətimiz kimi milli kimliyimizin, varlığımızın sübutu olan qiymətli dəyərimizdir. Ana dilimizi qorumaq, sevmək hər birimizin mənəvi borcudur. Milli mənəvi dəyərlər sistemimizin bünövrəsi olan  Ana dili milli ruhumuzun təcəssüm etdiyi milli dəyərimizdir.  Böyük mütəfəkkirlərdən biri deyirdi ki, bir xalqı yox etmək istəyirsənsə, birinci onun dilini məhv et. Azərbaycan dilini  qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Dil həm də bir dövlətin müstəqilliyinin, suverenliyinin göstəricisidir. Bu gün sürətlə inkişaf edən müstəqil Azərbaycanın rəsmi dövlət dili olan Azərbaycan dili bugünkü səviyyəyə çatmaq üçün böyük inkişaf yolu keçmişdir. Azərbaycan yazılı ədəbiyyatının ilk mükəmməl mənbələrindən biri hesab olunan “Kitabi-Dədə Qorqud” eposu dilimizin mükəmməlliyi, ünsiyyət vasitəsi kimi ahəngdarlığı baxımından möhtəşəm Ana dili abidəsidir.

İlk dəfə XVI əsrdə Şah İsmayıl Xətai tərəfindən rəsmi dövlət dili elan olunmuş türk dili sonradan xarici işğalçıların güclü təzyiqlərinə məruz qalaraq “tatar dili” və s. adlarla məhv edilmək təhlükəsi ilə qarşılaşmışdır.

XIX əsrdə Azərbaycana səyahət edən əcnəbilər ana dilimizin ruhoxşayan ahəngdarlığını çox sevərək ona maraq göstərmiş, öyrənməyə çalışmışdırlar.  Fransız səyyahı Aleksandr Düma öz qeydlərində ana dilimizi dəyərləndirərək qeyd etmişdir ki, fransız dili Avropada necə işləkdirsə, bu dil də Qafqazda o qədər geniş yayılmışdır.  1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin dövlət dili elan edilən türk dili sovet dönəmində hər cür vasitələrlə rəsmilik funksiyasından məhrum edilmək təhlükəsi ilə üz-üzə qalmışdır.

Ölkəmizdə Azərbacyan  dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.  Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub, Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi.  1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.  2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır.

Bu böyük missiya isə onun siyasi davamçısı, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Prezident İlham Əliyevin 2004-cü il 12 yanvarda “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında ” imzaladığı sərəncam imzaladı. Bu sərəncam əsrlərdən bəri yaşayan  böyük ideallarının reallaşması, türk dünyasına inteqrasiya üçün möhtəşəm tarixi addım oldu.  Latın əlifbasına keçidi dili, soyu bir xalqların bir-biri ilə mənəvi dünyasını bölüşməsi, doğmalaşması üçün böyük bir siyasi addım idi.

Bu kontekstdə Azərbaycan dilinin qorunub saxlanması təkcə mədəni deyil, həm də siyasi vəzifədir. Dil bizə tarixi köklərlə əlaqə saxlamağa, assimilyasiyaya qarşı durmağa, milli ruhu dəstəkləməyə imkan verir. Dilimizin qorunması Azərbaycanın təkcə mədəni sərvətlərini mühafizə etmir, həm də siyasi bütünlüyünü  təmin edir. Yalnız ana dilimizə məhəbbət və ehtiramla birliyimizi qoruyub saxlaya, vətənimizin çiçəklənməsini təmin edə bilərik.

Gənclərin tərbiyəsində dilin rolu xüsusilə vacibdir. Bu gün Azərbaycan gəncliyi qlobal tendensiyalara açıq olmasına baxmayaraq, öz ana dili ilə bağlılığını qorumalıdır. Bu prosesdə təhsil müəssisələri, ictimai rəy liderləri, media, vətəndaş cəmiyyəti, yaradıcı birliklər əsas rol oynayır, bütün səylər gənc nəslin dilə, milli adət-ənənələrə hörmət ruhunda tərbiyə olunmasına yönəlməlidir. Bu, gənclərin qlobal media və xarici dillərin təsirinə məruz qaldığı rəqəmsallaşma dövründə xüsusilə aktualdır. Azərbaycan dilinin rəqəmsal mühitdə qorunması, o cümlədən ana dilində məzmunun yaradılması onun qorunmasında mühüm vəzifəyə çevrilir.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi ilə “Baki Politoloqlar Klubu” İctimai Birliyi  tərəfindən icra olunan “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində hazırlanıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa