“O vaxtı ümumi məvacibi 350 manat olan gənc müəllim xalis 310 manat maaş ala bilirdi. Hazırkı vergitutma mexanizmi ilə eyni statusda olan müəlllimin ümumi vergi yükü 80 manat, xalis maaşı 472 manatdır”.
Yenicag.az xəbər verir ki, bu sözləri 2022-ci ildə orta təhsil sistemində çalışan müəllimlərin maaşlarının yanvardan etibarən 10% artırıla biləcəyi ilə bağlı proqnozu dəyərləndirən iqtisadçı Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, orta təhsil sistemində çalışan müəllimlərin maaşı artsa da, əlavə xərclərin çoxluğu müəllimlərin sosial rifahının yaxşılaşmasına mane olur:
“Son 15-20 illik zaman intervalını götürsək, təhsil sistemi üzrə pedoqoji kontingentin yarısından çoxunu təşkil edən orta məktəb müəllimlərinin maaşlarında nəzərəçarpan artım 2016-cı ildə olub. Hərçənd o zaman maaşlarda 50%-lik artım olsa da, müəllimlərin dərs yükü də 50%-ə yaxın artırıldı. Həmin qərarla 3 ilə qədər staja, ali təhsilə və tam dərs yükünə (18 saat) malik müəllimlər üçün aylıq məvacib 350 manat müəyyən edildi. Son 6 ildə baş verən iki artımdan sonra bu rəqəm hazırda 552 manatdır. Vergi çıxılmadan hesablasaq, bu, 57.7% artım deməkdir. Lakin bu 6 ildə müəllimlərin vergi yükü də artıb və bu səbəbdən hesablamanı xalis əməkhaqqı üzərindən aparanda nəticə dəyişir.
2016-ci ildə qüvvədə olan məbləğlə 136 manatlıq hissə gəlir vergisinə cəlb edilmirdi. Tibbi və işsizlik sığortası mövcud deyildi, yalnız işçi maaşından 3% pensiya sığortası tutulurdu. Nəticədə ümumi məvacibi 350 manat olan gənc müəllim xalis 310 manat maaş ala bilirdi. Hazırkı vergitutma mexanizmi ilə eyni statusda olan müəlllimin ümumi vergi yükü 80 manat, xalis maaşı 472 manatdır. Yəni gross maaş 57.7% artdığı halda, net məvacib 52% artıb. 2,5%-lik əlavə sığorta yükü, gəlir vergisinə cəlb olunmayan məbləğin böyüməsi hesabına ümumi vergi yükü 11,4%-dən 14,5%-ə yüksəlib. Yəni 6 il əvvəl hər 100 manatın 11.4 manatı, indi isə 14,5 manatı vergi-sığorta ödəmələrinə gedir.
2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı strategiyasında qeyd edilmişdi ki, müəllimlərin illik əməkhaqqısının adambaşına düşən Ümumi Daxili Məhsula nisbəti mərhələlərlə 1,8–2 dəfəyədək artırılacaq. Amma sənəd qəbul edilən anda də həmin göstərici 57% ətrafında idi, hazırda da elə həmin səviyyədə qalıb. Strategiyanın qəbulunun isə yaxın aylarda 10 ilini tamamlayacağıq. Yəni bu cür sənədlərdəki öhdəliklər unudulub”.
Gülşən
www.yenicag.az