Rusiya müxalifətinin həbsdəki lideri Aleksey Navalnı ölkəsinin Ukraynaya qarşı hərbi təcavüzünü pisləyib.
Yenicag.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Navalnının müharibə əleyhinə müraciət-çağırışı onun “Instagram” səhifəsində paylaşılıb.
Navalnı müraciətində rusiyalıları Ukraynaya qarşı hərbi təcavüzə etiraz olaraq, küçələrə çıxmağa çağırıb:
“Gəlin, heç olmasa, susqunlardan, bizim ağlını itirmiş “çar”ın Ukraynaya sırıdığı təcavüzkar müharibəni görməzdən gələn qorxaqlardan ibarət millətə çevrilməyək. 100 il əvvələ aid psevdotarix sayıqlamalarına baxmayaraq, rusiyalıların hücum edərək ukraynalıları, onların isə müdafiə olunaraq rusiyalıları öldürmələrinə susa bilmirəm, susmaq istəmirəm və susmuram.
Putin – Rusiya deyil. Əgər bu gün Rusiyada fəxr ediləcək bir şey varsa, o da “Müharibəyə yox” şüarı ilə küçələrə çıxdıqları üçün həbs olunan 6835 nəfərdir. Deyirlər ki, həbs olunmaq riskinə görə mitinqə getməyən şəxs kütləvi aksiyaya çağırış edə bilməz. Mən artıq həbsdəyəm və mənə belə çağırış etmək olar.
Harada olursunuzsa, olun – Rusiya, Belarus və ya planetin hər hansı tərəfində – bir gün də gözləmək olmaz. İş günləri saat 19-00, istirahət və bayram günlərində isə saat 14-00-da şəhərinizin baş meydanına çıxın.
Yürüş edə bilərsinizsə, bunu istirahət günlərinə planlaşdırın. Bəli, ilk gün meydana az, ikinci gün isə daha az adam çıxa bilər. Ancaq bizim dişimizi sıxıb qorxunu dəf edərək, küçələrə çıxmalı və müharibənin dayandırılmasını tələb etməliyik.
Həbs olunan bir adamı iki adam əvəzləməlidir.
Əgər müharibənin dayandırılması üçün həbsxana və həbs maşınlarını məhv etməliyiksə, edəcəyik.
Hər şeyin öz qiyməti var və 2022-ci ilin baharında o qiyməti biz ödəməliyik. Başqa heç kim. Gəlin, müharibə əleyhinə mübarizə aparaq”.
www.yenicag.az