Elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş “Biliyi dəyərə çevirən sinerji” adlı paneldə çıxışı zamanı bildirib ki, bəzən dəyişiklik edilməməsinin səbəbi təhsilə aidiyyatı olmayan məsələlər olur. “Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişiklikliyə hazırıqsa, bunu edək”, – deyə nazir qeyd edib.
Bəs görəsən ali təhsil müəssisələrində keçirilməməsi lazım olan fənlər hansılardır? Onların ləğv edilməsi tələbələrin dərs yükünü aradan qaldıra bilərmi?
Mövzu ilə bağlı Yenicag.az-a danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib ki, əslində, bu fikir əvvəllər də səsləndirilib:
“Məsələn, bir tələbənin ixtisası coğrafiya müəllimliyidir, lakin o, çoxlu qeyri-ixtisas fənləri keçir. Yaxud da öz ixtisasına uyğun 2 və 3-cü kursda keçirilən fənn əvvəlki kursda keçirilən fənni təkrarlayır. Çox güman ki, nazir də həmin fənləri nəzərdə tutur. Bu fənləri birləşdirmək və ya ləğv etməkdən daha çox tələbənin ixtisasına uyğunlaşdırmaq lazımdır. Bir məsələni unutmaq olmaz ki, nəzəriyyə və praktika bir-birini tamamlamalıdır”, – deyə o bildirib. Onun sözlərinə görə, tələbə nəzəriyyəni keçir, lakin praktikadan xəbəri olmur. “Tamamlanmayanda təbii ki, nəticə də olmur. Bizdə universitetlərdə praktika kağız üzərində, yaxud hər hansı bir müəssisədən arayış almaqla həyata keçirilir. Bu məsələlərə fikir vermək lazımdır. Bizdə test imtahanı da yetərli qədər deyil. Testləşmənin forması dəyişməlidir. DİM ildə 2-3 imtahan keçirir, tələbəni stressə salıb, yaxşı pul qazanması da iş deyil. Bizdə universitet təhsili gücləndirilməlidir. Məsələn, biologiya ixtisasını öyrənən tələbə axı niyə görə Biologiya İnstitutunda praktikasını keçməsin? Bu qarşılıqlı olmalıdır. Məsələn, jurnalistika ixtisasında 4-cü kursun sonunda 2-3 ay praktika keçirilir. Bununla da iş bitmir. Bütün bunları nəzərə alsaq, universitetlərdə lazımsız , ixtisasdan kənar, ixtisasa aid olmayan fənlər çıxarmaq lazımdır və daha ciddi materiallar, dərsliklər ortaya qoyulmalıdır”, – deyə o qeyd edib.
İsmayıl Bakuvi
www.yenicag.az