"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB! ARTİ, MÜTDA, TKTA - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Azərbaycan təhsilində son illər formalaşmış idarəçilik modeli artıq cəmiyyətdə “mədəni soyğunçuluğun institusional forması” kimi qəbul olunur. Problem tək bir şəxsin adı ilə ölçüləcək qədər dar deyil — burada illərlə yığılan struktur pozuntuları, hesabatlılıqdan uzaq mexanizmlər və təhsilin mahiyyətini sıradan çıxaran “kağız üzərində nəticə istehsalı” var.
Yenicag.az bildirir ki, bitib-tükənməyən layihələr, monitorinqlər, qiymətləndirmələr, rəqabətlər, olimpiadalar, yarışlar, düşərgələr… – hamısı real təhsil keyfiyyətini artırmaqdan çox, məmurların şəxsi biznesinə çevrilib. Müəllimlərin, məktəblərin və ictimaiyyətin fikrincə, sistemə keyfiyyət yox, sənədlərdə iki kəlmə söz yazılması kifayət edir.
ARTİ – bu quruma ayrılan vəsaitlərin şəffaflığı, nəticələrinin effektivliyi və layihələrin gerçək təsiri barədə verilən suallar illərdir cavabsızdır. Müəllim hazırlığı və peşəkar inkişaf kimi strateji sahələr faktiki olaraq sənədləşmə yükünə çevrilib. Ancaq “keçirildi” deyə qol çəkdirilir və bitdi. Bütün pullar layihə başlamamış paylanılır, “yeyilir” sonra layihə, yarış, Olimpiyadaları və s yola verirlər.
MÜTDA – ARTİ ilə paralel funksiyalar daşısa da, təhsil müəssisələri üzərində sanki əlavə təzyiq mexanizmi təsiri yaradır. Şikayətlər əsasən bürokratik yüklənmə, real dəyəri olmayan tədbirlər və məktəb rəhbərliklərinin “hesabat tələsinə” salınması ilə bağlıdır. MÜTDA sanki Eşqi Bağırovun dayaq nöqtəsi mərkəzidir. Hər yerdə özünə dayaq yaratmaq üçün direktorlar təyin edir və həmin direktorlar kankret “at oynadır”.
TKTA – qiymətləndirmə və ekvivalentlik kimi önəmli proseslərdə ictimai etimad ciddi şəkildə sarsılıb. Cəmiyyət şəffaflıq tələb etsə də cavab ala bilmir. Heç bir meyar əsas götürülmədən gah diplom satır, gah da akkreditasiya edir.
Peşə Təhsili Agentliyi – islahatlar şəffaf və ardıcıl mexanizmə söykənmədiyindən, bu sahədə də müsbət nümunə göstərmək çətindir. Peşə təhsili nə əmək bazarının tələbi ilə uyğunlaşdırılıb, nə də real nəticə istehsal edir.
Bu proseslərin hamısı birlikdə təhsil sistemini cəmiyyətdə inamsızlığın mərkəzinə çevirib. Müəllim narazıdır, valideyn narazıdır, şagird narazıdır. Təhsil artıq inkişaf vasitəsi yox, formallıq yükünə dönüb.
Cənab İlham Əliyev,
Cəmiyyətin böyük hissəsi təhsildə yaranmış bu dərin struktur böhranının yalnız siyasi iradə ilə həll edilə biləcəyinə inanır.
Şəffaflıq, hesabatlılıq və real nəticəyə əsaslanan yeni idarəçilik modeli təhsil sisteminin xilası üçün zəruri addımdır. Təhsil dövlətin təməl sütunudur və bu sahədə yaranmış vəziyyətin dəyişməsi üçün cəmiyyət Sizin müdaxiləni gözləyir./tehsilmedia.az












