“Nemətdən Lex Valensa düzəltməkdənsə, özündən normal İsa Qəmbər düzəldəydin” – Keçmiş nazir

“Özünü prezidentliyə namizəd elan edən adam keçmişdən yox, ölkənin indiki problemlərindən danışmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sabiq müdafiə naziri, Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin üzvü olmuş Rəhim Qazıyev deyib.

Müsavat lideri İsa Qəmbərin AXC-nin 1990-cı il yanvarın 6-7-də keçirilmiş qurultay səlahiyyətli III Konfransı və bir gün sonra baş tutan Məclisinin iclası haqqında gündəlik qeydlərin yayımlanması müxalifət düşərgəsində yeni gündəm yaradıb.

Qeyd edək ki, Qəmbərin qeyd olunan toplantılara dair öz “Facebook” səhifəsində dərc etdiyi silsilə yazılarda AXC-nin o dövrdəki liberal qanadının təşkilatdaxili rəqibləri olan radikallar üzərində üstünlüyü qabardılıb.

Müsavat liderinin bu mövzuda son paylaşımında “radikallar”ın təmsilçisi Nemət Pənahlı barəsində konkret, həmin qanad haqqında isə ümumi iddialar yer alıb:

“Etiraf edim ki, Nemət Pənahlının AXC Təşəbbüs Mərkəzinə daxil edilməsini mən təklif və təkid etmişdim, ondan Lex Valensa düzəltmək fikrindəydim. Alınmadı.

“Radikallar”ın iki nümayəndəsi isə III Konfransdan və Məclisin sessiyasından sonra əslində, yalnız formal olaraq AXC üzvü kimi fəaliyyət göstərdilər. Onlar artıq öz yollarını ayırmışdılar”.

Nemət Pənahlı Müsavat liderinin bu iddialarına adekvat cavab verərək, İsa Qəmbərin “saxtakarlıq və riyakarlıq” etdiyini deyib.

AXC-nin radikal qanadının liderlərindən biri olan sabiq müdafiə naziri Rəhim Qazıyev isə Yenicag.az-a açıqlamasında İsa Qəmbərin “hakimiyyətdən aldığı növbəti sifarişin icrasına başladığını” bildirib:

“Özünü prezidentliyə namizəd edən siyasətçi seçki ilində bütün çıxış və yazılarında diqqəti ölkənin problemlərinə yönəldər. Ancaq İsa Qəmbər ölkənin problemlərindən danışmaqdansa, 28 il əvvəl baş verənləri eşələyir.

Təbii ki, mənim onun yazdıqlarına deməyə cavabım var. Ancaq bu qədər problemimiz ola-ola bu məsələləri gündəmdə saxlamağı doğru saymıram.

Sualınızdan sonra İsa Qəmbərin o yazdıqlarını xatırlayıram və məni gülmək tutur. Deyir ki, mən Nemətdən Lex Valensa düzəltmək istəyirdim. Adama deyərlər ki, Nemətdən Lex Valensa düzəltməkdənsə, özündən İsa Qəmbər düzəldəydin, normal, vicdanlı bir siyasətçi olaydın.

Siz də baxın, İsa Qəmbər niyə bu barədə ya bir il əvvəl, ya bir il sonra yox, məhz indi, seçki ilində danışır? Bu, o deməkdir ki, İsa Qəmbər hakimiyyətdən aldığı növbəti sifarişin icrasına başlayıb”.

A. Zeynalov

COP29