Azərbaycanda İŞİD təbliğatı necə aparılır? - Əlixan Musayev nə etmək istəyir? - VİDEO
Təkfirçi lider və ölkəmizdə “İŞİD” ideologiyasının banilərindən sayılan, Suriya cihadı ilə bağlı verdiyi fətvalarla minlərlə azərbaycanlını “İŞİD” terror təşkilatına qoşulmağa təşviq edən Əlixan Musayevin gizli radikal təbliğatını əks etdirən üç səs yazısının analizini apardıq.
İŞİD yenidən aktivləşməkdədir. Bir müddət öncə hücrələrinə çəkilən terror təşkilatının Türkiyədə üç polisi şəhid etməsi, Avropada artan İŞİD təhlükəsi diqqəti yenidən radikalizmə çevirdi.
Tam bu ərəfədə Azərbaycanda təkfirçi radikalların liderlərindən sayılan Əlixan Musayevin ard-arda videolarının paylaşılması maraq doğurur. Sanki İŞİD hər yerdə bir anda aktiv fəaliyyətə keçib.
O üç səs yazısının birincisində açıq şəkildə nifrət və radikal zorakılıq ideologiyası təbliğ edilir. Əlixan Musayev o videoda namaz qılan bir müsəlmanın belə kilsəyə daxil olmasını “küfr” sayır, həmin şəxsin kafir elan edilməsini, cənazəsinin qılınmamasını, ona salam verilməməsini tələb edir və cəmiyyətdə parçalanma, düşmənçilik və qarşıdurma yaratmağa çağırır. Bu, açıq-aşkar təkfirçi və ekstremist çağırışdır.
Bununla o, bilincli şəkildə sərhədləri silir, təkfiri normaya çevirir, müsəlmanları bir-birinə düşmən kəsir və zorakı radikal ideologiyanı sistemli şəkildə legitimləşdirməyə çalışır. Bu yanaşma açıq-aşkar ekstremizmin dərinləşdirilməsi və cəmiyyətin daxildən parçalanmasına xidmət edir.
Bu yanaşma məzhəblərarası qarşıdurmanı qızışdırır, müsəlmanlara kafir damğası vurur, onları təcrid etməyə, düşmən kimi görməyə çağırır, digər dinlərə qarşı dolayısı ilə nifrət və qarşıdurma yaradır.
Həmin videonu təqdim edirik:
İkinci səs yazısında isə Allaha və Məhəmməd Peyğəmbərə iman gətirmiş, onun Əhli-beytini və səhabələrini sevən Azərbaycan xalqı topyekun şəkildə kafir və imansız elan edir. Bu, bütöv bir xalqın dini kimliyinə qarşı yönəlmiş açıq təkfir, nifrət və ideoloji düşmənçilik çağırışıdır.
“Azərbaycan xalqını” Fətrə əhli” adlandırır. Bu termin o xalqlara aid edilir ki, onlara heç bir peyğəmbər dəvəti ümumiyyətlə çatmayıb.
Belə insanlar haqqında klassik fiqhdə deyilir ki, dünyəvi hökmlərdə kafir hökmü verilir. Axirətdə isə Allah-Təala onları xüsusi imtahana çəkəcək.
Müsəlman xalqa “fətrə əhli” damğası vurmaq açıq təkfirdir. Bu, “İŞİD” ideologiyasının klassik üsuludur: əvvəl iman inkar edilir, sonra kafir elan olunur, sonda isə qan tökmək üçün zəmin hazırlanır. Bu, dini mövqe deyil, ekstremist mexanizmdir.
İndi bəlkə daha aydın olur ki, niyə “İŞİD” Suriyada və İraqda insanları rahatlıqla qəfəslərdə yandırır, başlarını kəsirdi. Çünki bu ideologiya əvvəlcə insanı imanından çıxarır, kafir elan edir, sonra isə onu öldürməyi “haqq” və “ibadət” kimi göstərir. Zülm və vəhşilik məhz bu təkfirçi düşüncənin məntiqi nəticəsidir.
Həmin videonu təqdim edirik:
Üçüncü səs yazısında isə hər hansı bir şirk əməli edən hər kəs avtomatik olaraq müşrik adlandırılır. Bu yanaşma təkfir prosesinin başlanğıcıdır — əvvəl damğalama, sonra kafir görmə.
İnsan bilmədiyi bir məsələyə görə necə müşrik elan edilə və ona kafir müamələsi göstərilə bilər? Sənə kim ixtiyar verib ki, Səudiyyə Ərəbistanında bir alimin dediyini bütövlükdə müsəlman Azərbaycan xalqına şamil edəsən? Hətta alim desə belə, alimin sözü özlüyündə dəlil deyil.
Zahirən şirk və ya küfr etdiyi iddia olunan bir şəxsə bu dünyada “müşrikdir”, “kafirdir” hökmü vermək son dərəcə təhlükəlidir. “Müşrik” damğasını asanlıqla işlətmək birbaşa təkfir ideologiyasına işarədir və bunun ağır nəticələri var. Bir müsəlmana “müşrik” dediyin anda onu İslam dairəsindən çıxarmış olursan və radikal qruplara “dini əsas” ötürmüş olursan.
Bu terminologiya məhz İŞİD, Xəvaric və oxşar radikal cərəyanların əsas silahıdır. Onlar da eyni mexanizmlə başlayırlar: “Bu müşrikdir”, “Bu kafirdir” deyə damğalayırlar. Ardınca təkfir normallaşır, müsəlman cəmiyyəti legitim hədəfə çevrilir və zorakılıq üçün zəmin hazırlanır.
Həmin videonu təqdim edirik:
Qısacasl, Əlixan Musayevin təbliğatı təkfir üzərində qurulub: müsəlmanları asanlıqla “müşrik” və “kafir” elan edir, xalqı dinindən çıxmış kimi təqdim edir, məzhəblərarası nifrəti qızışdırır və bu yolla gəncləri radikal, İŞİD-tipli düşüncəyə hazırlayır.
Əkrəm Həsənov
ilahiyyat üzrə fəlsəfə doktoru












