Bu gün “Azərbaycanca Vikipediya”da fəaliyyət göstərən idarəçilər, istifadəçilər tərəfindən istər “Azərbaycanca Vikipediya”da, digər dillərdə olan Vikipediyada ölkəmizlə bağlı maraqlı məqalələr yaradırlar. Onların əməyi xüsusi qeyd edilməlidir. Mən onları təmənnasız vətənpərvərlər adlandırardım.
Bu sözləri AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk 15 yanvar-Beynəlxalq Vikipediyaçılar Günü ilə bağlı fikirlərini şərh edərkən bildirib.
“Qarşıda planlar çoxdur. AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil edən Vikipediya təliminin iştirakçıları sistemli şəkildə məqalələr yaradırlar, yarımçıq qalmış məqalələri redaktə edib genişləndirirlər. “AXC-100”çərçivəsində bir sıra tarixi şəxsiyyətlərimiz haqqında məqalələr müxtəlif dillərə tərcümə olunacaq. Xüsusilə, məqalələrin tərcüməsində “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşları təmənnasız dəstək verirlər. Qarşıda bu layihə haqqında ətraflı məlumat veriləcək.
Bütün vikipediyaçıları bu gözəl gün münasibətilə təbrik edirəm. Vikipediyanın zənginləşdirilməsində göstərdikləri könüllü xidmətlərinin davamlı və faydalı olmasını diləyirəm”.