Bakını qışda böyük XAOS GÖZLƏYİR?: "Aidiyyəti qurumlar havaya arxayın olub, hazırlıq SIFIRDIR"
“Bakının qış mövsümünə hazırlıq vəziyyəti ürəkaçan deyil”.
Bu barədə nəqliyyat üzrə ekspert İlqar Hüseynov Yenicag.az- a açıqlamasında bildirib. Ekspertin sözlərinə görə, paytaxtda qışa hazırlıqla bağlı qabaqlayıcı tədbirlər gözə dəymir:

“Əvvəlki illərdə ən azından yol kənarlarında, prospektlərdə və daxili küçələrdə kisələrə doldurulmuş qum və duz ehtiyatlarını görürdük. Amma təəssüf ki, bu il Bakı şəhərinin heç bir yerində buna rast gəlməmişəm. Ola bilsin, anbarlarda ehtiyatlar var, yaxud texnikalar operativ şəkildə hazır saxlanılır. Ancaq şəhərin müxtəlif nöqtələrində bu hazırlıq açıq şəkildə görünmür”.
İlqar Hüseynov qeyd edib ki, aidiyyəti qurumlar hava proqnozlarına həddindən artıq arxayın ola bilərlər. Ekspertin fikrincə, qum-duz ehtiyatlarının şəhərin estetik görüntüsünü pozmaması üçün prospektlərdə yerləşdirilmədiyi ehtimal edilsə də, ümumi mənzərə hazırlığın yetərli olmadığını göstərir:
“Yağışlı havalar bir daha göstərdi ki, Bakı buna hazır deyil. Küçələri yenə su basdı, nəqliyyat vasitələri su altında qaldı, insanlar ciddi çətinliklər yaşadı. Bəzi ərazilərdə, o cümlədən keçmiş Nəqliyyat Nazirliyi yanındakı yolötürücüsü kimi tikilən tunelin altında hələ də su qalmaqdadır”.
Onun fikrincə, şəhərin mövcud infrastrukturu yağış və qar sularının normal axıdılmasını təmin etmək gücündə deyil:
“Yağış göstərdi ki, hazırlıq yoxdur. Qar yağanda və buzlanma yarananda vəziyyətin necə olacağını hamımız görəcəyik. Hazırlıq imkanları nə şəhər mərkəzində, nə də ara küçələrdə hiss olunur”.
Ekspert hesab edir ki, qış mövsümü tam başlamazdan əvvəl Bakı şəhərində həm yağışlı, həm də qarlı hava şəraitinə uyğun real və görünən tədbirlərin görülməsinə ciddi ehtiyac var.
Daha ətraflı videomaterialda:
Samir Məcidov












