Polşa da vətəndaşlarını İsraildən TƏXLİYƏ EDİR
Yaxın Şərqdə hərbi əməliyyatların intensivləşməsi fonunda Polşa hökuməti İsraildə olan vətəndaşlarını təxliyə etməyə hazırlaşır.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Polşanın RMF24 portalı məlumat yayıb.
Polşa Xarici İşlər Nazirliyi təxliyə planı çərçivəsində 200-ə yaxın vətəndaşın İsraildən çıxarılacağını açıqlayıb. Nazirlik bildirib ki, təxliyə ilkin olaraq avtobuslarla İordaniyaya həyata keçiriləcək və daha sonra həmin şəxslər Varşavaya təyyarə ilə göndəriləcək. Proses tamamilə pulsuz olacaq.
XİN-nin sözçüsü Henrika Mosçika-Dendis bildirib ki, təxliyə həm turistləri, həm də qısa müddətlik İsrailə səfər etmiş Polşa vətəndaşlarını əhatə edəcək. Onun sözlərinə görə, Polşa bu addımı atan ilk Avropa İttifaqı ölkəsi olacaq.
Qeyd edək ki, daha əvvəl Litva da İsraildəki vətəndaşlarının evakuasiyasına hazır olduğunu bəyan etmişdi. Eyni istiqamətdə Çexiya və Bolqarıstan da təxliyə planları üzərində çalışır.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına dair obyektlərinə zərbələr endirib. Rəsmi Təl-Əviv bu hücumları İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə həyata keçirdiyini bildirib. Nəticədə tərəflər arasında qarşılıqlı hücumlar başlayıb və son günlər ərzində İsraildə 20-dən çox insan həlak olub, çox sayda yaralı var.
Rafi Müslümov