Onlar Orta Asiyanın ən nüfuzlu ailələrindən hesab edilirlər. Bu, təkcə ailənin başçısı Nursultan Nazarbayevin ölkənin prezidenti, siyasi xadim olması ilə bağlı deyil. Övladları ölkəsinin biznes sektorunda önəmli rol oynayırlar.
Onlardan ikisinin – ortancıl qızı Dinara Nazarbayeva və həyat yoldaşı Timur Kulibayevin adı rəsmi şəkildə Qazaxıstanın ən varlı 50 şəxsinin siyahısında yer alır. Sərvətlərinin həcmi 2,1 milyard dollar, mənbəyi bankdır. Prezidentin ailəsində multimilyonerlər də var. Bu böyük qızı Dariqa Nazarbayeva və oğlu Nurali Əliyevdir. Ümumilikdə Nazarbayevlərin sərvəti 7 milyard dollar dəyərləndirilir.
N.Nazarbayevin övladlarını, nəvələrini, onların biznes layihələrini təqdim edir. Birinci yazımızda Dariqa Nazarbayeva və keçmiş həyat yoldaşı Rahat Əliyevdən, onların övladlarından bəhs etmişdik. Bu dəfə isə Nursultan Nazarbayevin ortancıl qızı Dinara Kulibayeva (Nazarbayeva) və həyat yoldaşı Timur Kulibayevin həyat hekayəsini təqdim edirik.
Bildirək ki, Dinara və Timur illərdir “Forbes”in siyahısında Qazaxıstanın ən varlı şəxslərinin siyahısında öndə dayanırlar. Hər iksinin ayrı-ayrlıqda 2,1 milyard dollar sərvəti var. “ALMEX” şirkətlər qrupunun rəhbəri olan Kulibaevlər ölkələrinin neft, qaz, nəqliyyat, bank sektorlarına nəzarət edirlər.
Prezidentin ciddi qızı
Dinara Nursultan qızı Nazarbayeva 1967-ci ilin 19 avqustunda anadan olub. O, Qazaxıstan prezidentinin ortancıl qızıdır. Adi bir çobanın oğlu olan Nursultan Nazarbayev hələ o zaman metallurq idi. Arvadı Sara Kunakayeva isə yeməkxanada işləyirmiş. Dinara Dariqadan 4 yaş balaca, Aliyədən isə 13 yaş böyükdür. 1989-cü ildə A.V. Lunaçarsko adına Moskva Dövlət Universitetinin teatr incəsənəti fakültəsini bitirib. 1998-ci ildə Qazaxıstanın KIMEP Universitetində biznes idarəçiliyi üzrə magistr dərəcəsi alıb. Bacısı Dariqa və Aliyə Nazarbayevalardan fəqrli olaraq siyasi fəaliyyətlə məşğul olmasa da biznesdə əldə etdiyi uğurlarla ölkənin məşhur simalarından birinə çevrilib. Bununla belə cəmiyyət qarşısına çıxmır, müsahibə vermir, şəkilinin çəkilməsinə şərait yaratmır. Dinara o qədər ciddidir ki, KIMEP Universitetində təhsil aldığı zamanlarda qrup yoldaşları onun prezidentin qızı olduğunu atası Nursultan Nazarbayevin təhsil müəssisəsini ziyarət etdikdən sonra öyrəniblərmiş. Yeri gəlmişkən, o, Nursultanın qızları arasında boşanma gərginliyi yaşamayan yeganə Nazarbayevadır. Hətta ərinin, ölkənin ən varlı şəxsi, “KAZENERGY” şirkətinin rəhbəri (ölkə üzrə bütün qaz ötürülməsinə nəzarət edir) Timur Kulibaevin xəyanətlərinə rəğmən. Bu barədə az sonra.
Biznes ledi
Dinara Kulibayeva (Nazarbayeva) Mərkəzi Asiyadan “Forbes”in siyahısına düşən yeganə qadın milyarderdir. Onun varidatı 2,1 milyard dollardır. 2012-ci ildə Qazaxıstanın 15-ci varlı adamı olan Dinara 2013-cü ildə 5-ci, 2015-ci ildə isə 4-cü sıraya yüksəlib. Xanım Kulibaeva “ALMEX” şirkətlər qrupunun rəhbəridir. Hansı ki, “Qazaxıstan Xalq Əmanət Bankı”nda 68,2 faiz hissəyə sahibdir. Şirkətlər qrupuna “ALMEX Plus ” Ltd (51%) , ASC “SAT & CO” (7,09%), “Kipros” Ltd, “Atraumunayonimderi”, “Kontinen İnvest Qrup”, “Munay Damu” Ltd, “BUSINESS STROYINVEST-A” Ltd və “Merkuriy 1999” Ltd (keçmiş “Merkuriy” ASC), “GolfTown” Ltd, “Mercury Engineering” Ltd, “Terminal-Petropavlovsk Merkuriy” Ltd, “TEK Qazaxıstan” Ltd, mühəndislik şirkəti “KazGiproNefteTrans”, “Jayık Kurılıs-Qaz” Ltd, “Aksayqazservis”, “Kazburqaz” , AK “Altınalmas”, “KazStroyService” daxildir. Yeri gəlmişkən, bu, son deyil. Statistikaya görə, Kulibaevlərin nəzarətində 90-a yaxın şirkət var. Ailənin gəlirlərinin əsas hissəsini isə “Qazaxıstan Xalq Əmanət Bankı”, “ALMEX Plus ” Ltd, “Kipros” Ltd, “Merkuriy 1999” Ltd, AK “Altınalmas” və “KazStroyService” formalaşdırır.
Bundan əlavə Dinara 2001-ci ildən “KazTransGas” ASC-nin və Qazaxıstan-Britaniya Texniki Universitetinin idarə heyətinin rəhbəridir. Belə böyük imperiyanın başında dayanmasına baxmayaraq, Dinaranın biznes fəaliyyətinə dair geniş məlumatlar yoxdur. Görünür bu da bir siyasətdir. Çünki bir zamanlar ata Nazarbayev açıq şəkildə qızının biznesdə iştirakını təkzib edirdi. Amma çox keçmədən bəlli oldu ki, Dinara nəinki biznesdə iştirak edir, hətta Qazaxıstanın ən böyük bankının hissədarı (eləcə də “Halyk” bankının hissədarıdır) olmaqla bərabər ərinin biznesində də əhəmiyyətli paya malikdir.
Ərinin soyadını daşıyan yeganə Nazarbayeva
Dinara ərinin soyadını götürən yeganə Nazarbayevadır. Onun həyat yoldaşı Timur Kulibaev 1966-cı ildə Alma-Atada anadan olub. Xalq təsərrüfatı ixtisası üzrə Lomonosov adına Moskva Dövlət Universitetinin bitirib. İş həyatına planlaşdırma institutunda kiçik elmi işçi vəzifəsindən başlayıb. 1990-cı ildə ilk şirkətini “Altın-Alma”nı yaradıb. Sonradan biznesini bir sıra sektorlar üzrə genişləndirməklə 2011-c ildə dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “Qazprom”un idarə heyətinin müstəqil direktoru vəzifəsinə qədər yüksəlib. Hazırda Timur “Forbes”in siyahısında Qazaxıstanın ən varlı üçüncü şəxsidir. O həyat yoldaşı ilə ortaq biznesə sahibdir. Eyni zamanda “Viled Group”, “Viled Fashion”, “Akbulak Club Resort” u idarə edir. Bundan əlavə 2017-ci ildə Qazaxıstanda açılışı planlaşdırılan “Starwood Hotels&Resorts” hoteli də Timurun əsas hissədarı olduğu “Turion Investment Group” un sifarişi ilə inşa edilir.
Məşuqəsini milyarderə çevirib
Mənbələrdə Timurla Dinarının evlilik tarixlərinə dair məlumatlar əksini tapmasa da cütlüyün Dəniz və Alişiya adlı 2 qızının, Altay adlı bir oğlanlarının olması bəllidir. Amma bu Kulibaevlərin şəxsi həyata ilə bağlı sadəcə ütülənmiş məlumatdır. Kənardan xoşbəxt görünən Dinaranın evliliyi elə də asan deyil. Belə ki, əri Timur Kulibaevin qadınlara qarşı zəifliyi bu evliliyin ən pis tərəfidir. Söz-söhbətlərə görə, iş adamı dünyanın müxtəlif ölkələrindən özünə model qızlar sifariş verir. Gözəlçələrini əsasən görüşə təyyarə ilə gətizdirir. Ərinə dəlicəsinə aşiq olan Dinara Kulibayeva isə onun bütün bu şıltaqlıqlarını bağışlayır. Təki Timur onun yanında qalsın. Dinaranın sahib olduğu mövqe sayəsində biznesini genişləndirib maqnata çevrilən T.Kulibaevin sevgililərindən birindən uşağı da var. Bu hekayədə isə diqqəti ən çox çəkən sevgilinin kimliyi və Timur üçün oynadığı roldur. Söhbət Ledi Qoqa Aşkenazi və Timur Kulibaevin məşhur sevgi hekayəsindən gedir.
Bahalı kurtizanka və prezident qızı
Ledi Qoqa Aşkenazi – bu qadın varlı kişi ovçusu kimi ad çıxarıb. Oksford məzunu Qoqa bir zamanlar Dinaranın bacısı Aliyənin əri Qırğızıstan prezidenti Əskər Akayevin oğlunun birinci arvadı olub. Məlumat üçün bildirək ki, Qoqanın atası Erken Berkaliev Qazaxıstanda Komunist Partiyasının öncüllərindən hesab edilib. Mixail Qorbaçovun zamanında Mərkəzi Komitəyə işə qəbul olunub və hazırda Astanada nüfuzlu siyasi xadimlərdən biri sayılır.
Qoqa ilə Timurun tanışlığı 2005-ci ildən başlayıb. Həmin ərəfədə Qoqa da Timur kimi subay deyildi. O, otel imperiyasının şahzadəsi Stefan Aşkenazinin arvadı idi. Lakin Timurla yaşadığı eşq macərası səbəbindən bu evlilik uzun çəkmir. Qoqa boşandıqdan sonra məşuqların münasibətləri daha da irəliləyir. Hətta Qoqa Dinaranın “burnunun dibinə” qədər gəlib çıxır. Belə ki, Timurla Dinara 2007-ci ildə Türkiyədə istirahət edərkən Qoqa yaxtası ilə oraya gəlir. Ailənin bir addımlığında yerləşərək sevgilisi ilə müntəzəm görüşməyə başlayır. Romantik görüşlərin nəticəsi olaraq Timur dördüncü dəfə ata olur. T.Kulibaev bunun qarşılığında sevgilisinə “MunaiGaz Engineering” (“Kazmynayqaz”ın törəməsi) şirkətini, eləcə də 56 milyon dollar dəyərində Londonun prestijli rayonlarından birində ev hədiyyə edir. Hazırda Qoqa “MunaiGaz Engineering”in baş meneceridir. Şirkət Qazaxıstan ərazisindən neft-qaz kəmərlərinin tikintisi ilə məşğul olur. Bir məqamı da qeyd edək ki, Qoqa uşağının atasının Timur olduğunu gizlətmir. Hətta Kulibaevi yaxşı valideyn kimi xarakterizə edir. Timurun şəxsi təyyarəsində dünyanın istənilən ölkəsinə səyahət edən gözəlçə Qazaxıstanda şəxsi mühafizəçiləri gəzir, kişiləri əlcək kimi dəyişir.
Rəsmi Astana kürəkən şoku yaşayır
Bu arada bildirək ki, sevgililərin münasibətləri rəsmi Astanaya hələ ilk vaxtlardan bəlli olsa da bu yöndə xəbərlər uzun müddət geniş ictimaiyyətdən gizlədildi. Hər kəs Timur Kulibayevi aliəcanlı, sadiq kürəkən olaraq tanımaqda davam etdi. Ta ki, Böyük Britaniya qəzetləri onların münasibətlərindən silsilə məqalələr çap edənə qədər. Qoqa ilə münasibətlərə görə Nursultan Nazarbayev kürəkənini cəzalandırır. Buna rəğmən Timuru dayandırmaq mümkün olmur. Kulibayev “Altın almas”ın səhmlərinin 5, habelə “Kazturboremont”un səhmlərinin 5 faizini Qoqaya verir. Hazırda Timurun 2,1 milyard dollarlıq sərvətində Qoqanın payı 400 milyon dollar təşkil edir.
İsveçrəyə köç
İsveçrədə yaşayan Dinara 2009-cu ildə Cenevrə gölü sahilində rus biznesmeni Roman Aksenenkodan 74,7 mln İsveçrə frankına ərazisi 7960 kv. m olan villa satın almaqla ən iri həcmli daşınmaz əmlak alqı-satqısına imza atıb. Bir məqamı da qeyd edək ki, Dinara Qoqanın oğlan doğmasından sonra 2010-cu ildə 3-cü uşağını dünyaya gətirib. Bu, həm də ictimaiyyətə Timur Kulibaevlə ayrılmadıqlarına dair bir mesaj idi. 3 dildə danışan (qazax, rus, ingilis) Dinara “Nursultan Nazarbayev adına təhsil fondu” və Qazaxıstandakı özəl orta məktəb şəbəkəsi olan “Miras”ın rəhbəridir. İldən ilə sərvətlərini artıran Kulibaevlər Qazaxıstanın varlı adamlarının siyahısında 4-cü 5-ci yerlərin sahibidirlər.
publika.az
www.yenicag.az