Putin BƏƏ prezidenti ilə İsrail-İran münaqişəsini müzakirə etdi
Rusiya prezidenti Vladimir Putin BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı BƏƏ tərəfinin təşəbbüsü ilə baş tutub.
Bildirilib ki, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə gərginləşməsi kontekstində fikir mübadiləsi aparılıb. Hər iki tərəf bütün region üçün ən mənfi nəticələrlə dolu olan İran-İsrail münaqişəsinin davam edən gərginləşməsindən dərin narahatlığını ifadə edib. İranın nüvə proqramı ilə bağlı mübahisəli məsələlərin həlli maraqları naminə hərbi əməliyyatların tezliklə dayandırılması və siyasi və diplomatik səylərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Putin Rusiyanın münaqişə tərəfləri arasında dialoqun təşviqində vasitəçilik yardımı göstərməyə hazır olduğunu təsdiqləyərək, bununla bağlı bir sıra xarici liderlərlə aparılan təmaslar barədə məlumat verib.
Dövlət başçıları Rusiya-BƏƏ əməkdaşlığının siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə əldə edilmiş yüksək səviyyəsindən məmnunluq ifadə ediblər, həmçinin şəxsi təmasların davam etdirilməsi barədə razılığa gəliblər.