Türkiyənin “Qalatasaray” klubu transfer “pəncərəsi”nin bağlanmasına saatlar qalmış daha bir transfer həyata keçirib.
Yenicag.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq Fransanın “Bordo” klubunda oynamış qapıçı Sedrik Karrassonu heyətinə qatıb. Bu barədə İstanbul nəhənginin rəsmi saytı məlumat yayıb. 35 yaşlı qolkiper yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
“Qalatasaray” Karrassoya 1illik çıxışı müqabilində 600 min avro ödəyəcək. Bundan əlavə o, Super Liqa və kubok oyunlarındakı uğurlar müqabilində əlavə mükafatlar da əldə edəcək.
Peşəkar karyerasına 1999-cu ildə Marsel “Olimpik”ində başlayan Sedrik 2001/02 mövsümündə İngiltərə “Kristal Pelas”ına, 2004/05 mövsümündə də Fransa “Genqam”ına icarəyə verilib. 2008-ci ildə “Tuluza”ya transfer olunan Karraso burada cəmi bir mövsüm çıxış etdikdən sonra “Bordo”ya keçib. Təcrübəli qolkiper 2009-cu ildən bəri bu komandada 200-dən çox oyuna çıxıb.
Yeri gəlmişkən, “Qalatasaray” bu gün son transferləri üçün təqdimat mərasimi də keçirib. Mərasimdə Ceyson Denayer, Yasmin Latovleviç və Karraso ictimaiyyətə təqdim olunub. Məlum olub ki, Karrasso 16, Latovleviç 33, Denayer isə 64 nömrəli formanı geyinəcək.
www.yenicag.az