Qarabağda YENİDƏNQURMA: İqtisadi və sosial inkişafın YENİ HƏDƏFLƏRİ
Qarabağda aparılan genişmiqyaslı yenidənqurma və inkişaf layihələri öz bəhrəsini verməyə başlayıb. İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası, əhalinin qayıdışı, kənd təsərrüfatı və sənaye sahələrinin yenidən qurulması istiqamətində real nəticələr əldə olunur. Rəsmi məlumatlara əsasən, dövlət investisiyaları ilə yanaşı, özəl sektorun da bu prosesə cəlb olunması bölgədə dayanıqlı iqtisadi fəaliyyətin formalaşmasına təkan verir.
İşğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası, əhalinin geri dönməsi, kənd təsərrüfatı və sənaye sahələrinin yenidən qurulması istiqamətində ciddi addımlar atılır. Bu ərazilərdə aparılan genişmiqyaslı işlər arasında yolların çəkilməsi, yaşayış yerlərinin inşası, enerji təminatının həyata keçirilməsi, su, qaz və elektrik xətlərinin çəkilməsi, həmçinin kommunikasiya şəbəkələrinin bərpası yer alır. Bütün bunlar insanların həmin ərazilərdə yenidən məskunlaşmasına şərait yaradır. Eyni zamanda, təhlükəsiz hərəkət və həyatın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi, tunellərin və aeroportların tikintisi də nəzərdə tutulur. Bu işlər, bir tərəfdən, ərazinin təhlükəsizliyini təmin edərkən, digər tərəfdən də iqtisadi inkişafın təməlini qoyur.
Yenicag.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri artıq ciddi iqtisadi nəticələr verməkdədir.
Onun sözlərinə görə, bu ərazilər Azərbaycanın iqtisadi xəritəsində yeni inkişaf mərkəzinə çevrilir.
“2020-ci ildən başlayaraq bu günə qədər işğaldan azad edilmiş ərazilərin bərpası üçün dövlət büdcəsindən ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb. Təkcə 2025-ci ildə bu məbləğ 4 milyard manat təşkil edib. Bütün bu vəsaitlər nəticəsində regionda sosial-iqtisadi həyat canlanıb, böyük qayıdış prosesi reallaşmağa başlayıb”, – deyə millət vəkili qeyd edib.
Deputatın fikrincə, bərpa prosesi yalnız fiziki infrastrukturla məhdudlaşmır, bu ərazilərdə real iqtisadi fəaliyyət də formalaşır:
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına həm yerli, həm də xarici investisiyalar cəlb olunub. Xüsusilə Ağdam Sənaye Parkı və Zəngilan rayonunda reallaşdırılan “ağıllı kənd” layihəsi böyük investor marağı doğurur”.
Deputat vurğulayıb ki, kənd təsərrüfatı sahəsində də mühüm addımlar atılıb:
“Kəlbəcər, Laçın və Qubadlı rayonlarında əkinçilik və heyvandarlıq sahələri sürətlə bərpa edilir. Fermerlərə subsidiyalar verilir, kənd təsərrüfatı infrastrukturunun yenidən qurulması prosesi gedir”.
Turizm sahəsində müşahidə olunan dinamikanı da qeyd edən T. Mirkişili Şuşada yaradılan infrastrukturun turist axınına səbəb olduğunu bildirib:
“Şuşa artıq təkcə mədəniyyət paytaxtı deyil, həm də turizm mərkəzinə çevrilməkdədir. Hotellər, qonaq evləri fəaliyyətə başlayıb, mədəni-tarixi abidələrin bərpası xarici turistlərin marağını artırır”.
İş yerlərinin yaradılması və sahibkarlığın stimullaşdırılması istiqamətində də irəliləyişlər olduğunu bildirən millət vəkili əlavə edib:
“Bərpa işləri və sənaye obyektlərinin açılması nəticəsində minlərlə daimi iş yeri yaradılıb. Eyni zamanda, azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün vergi və gömrük güzəştləri tətbiq olunur, bu da iqtisadi aktivliyi daha da artırır”.
Deputat alternativ enerji sahəsində görülən işlərə də diqqət çəkib:
“Kəlbəcər və Laçında su elektrik stansiyalarının, Zəngilan və Cəbrayılda isə günəş və külək enerjisi stansiyalarının inşası aparılır. Bu, bölgənin enerji müstəqilliyini təmin etmək baxımından mühüm addımdır”.
Komitə sədri qeyd edib ki, kiçik və orta sahibkarlığın inkişafı, logistik imkanların genişləndirilməsi və rəqəmsal iqtisadiyyatın qurulması Qarabağda iqtisadi sabitliyin əsas dayaqlarına çevrilməkdədir:
“Biznes inkubatorlar, mikrokreditlər, rəqəmsal texnologiyaların tətbiqi, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri bu ərazilərin müasir iqtisadi model əsasında inkişafını təmin edir. Zəngəzur dəhlizinin formalaşması isə bu bölgənin təkcə ölkə üçün deyil, region üçün də strateji nəqliyyat və ticarət mərkəzinə çevrilməsinə şərait yaradacaq”.
İqtisadçı Xalid Kərimli isə hesab edir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və infrastruktur quruculuğu sürətlə davam edir.
Mütəxəssis diqqətə çatdırıb ki, yollar, yaşayış binaları, su, qaz və işıq təminatı ilə yanaşı, minaya tənzimləmə işləri, aeroport və tunellərin tikilməsi də nəzərdə tutulur. Onun fikrincə, bu addımlar həmin ərazilərdə həyatın başlanğıcını qoymaq üçün mühüm ilkin şərtlər yaratmaqdadır.
İqtisadçı bildirib ki, burada möcüzə gözləməmək lazımdır.
“Məsələn, Azərbaycanın Zərdab, Ağdaş və İsmayıllı rayonlarında da infrastruktur mövcuddur. Lakin bu ərazilərdə iqtisadiyyat dayanıqlı deyil və uzunmüddətli iqtisadi artım baş vermir. Bölgələrdə regional inkişafla bağlı ciddi problemlər var. Həmçinin qeyri-neft sektorunun inkişafı ilə bağlı çətinliklər mövcuddur”, – deyə X. Kərimli söyləyib.
Ekspert əlavə edib ki, görülən işlər Qarabağ və Şərqi Zəngəzuru Azərbaycanın cənnətinə çevirməkdə çətinlik yaradacaq:
“Çünki hazırda infrastruktur mövcud olan bölgələrdə belə ciddi işsizlik və məşğulluq problemləri var. İqtisadi həyatın 80 faizi Bakı və Abşeron yarımadasında cəmləşib. Dövlətin infrastruktur və investisiya ilə bağlı atdığı addımlar vacib olsa da, bu addımlar Qarabağ və Şərqi Zəngəzurun digər Azərbaycan bölgələrindəki problemlərlə qarşılaşmasını aradan qaldırmayacaq”.
İqtisadçının sözlərinə görə, əgər Qarabağ və Şərqi Zəngəzurda uzunmüddətli iqtisadi artım əldə olunacaqsa, bu yalnız qeyri-neft sektorunun inkişafı ilə mümkün olacaq.
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işləri ərazinin gələcək inkişafı üçün böyük əhəmiyyət daşısa da, bölgənin iqtisadiyyatını dayanıqlı hala gətirmək və sosial-iqtisadi problemləri həll etmək üçün daha geniş və davamlı islahatların həyata keçirilməsi vacibdir. Göstərilən infrastruktur işləri ərazinin inkişafına mühüm töhfə versə də, işsizlik, məşğulluq və digər sosial-iqtisadi məsələlər hələ də Qarabağ və Şərqi Zəngəzurda qarşıya çıxacaq əsas problemlərdəndir. Bunu nəzərə alaraq, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı həm Qarabağ, həm də digər bölgələr üçün həlledici əhəmiyyət daşıyır”, – deyə o, fikrilərini tamamlayıb.
Məsimə Məmmədova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanıb.