Qərbi Azərbaycan: maarif, mətbuat və milli dirəniş tarixi
1918-1920-ci illərdə İrəvanın ermənilərə paytaxt kimi verilməsi ilə şəhərdəki azərbaycanlı əhali faciəli bir dövr yaşadı.
Daşnakların törətdiyi qırğınlar nəticəsində yüzlərlə ailə doğma yurdunu tərk etməyə məcbur oldu, əsrlərlə formalaşmış mədəni mühit tamamilə dağıldı. İrəvanın ziyalı nəsilləri pərən-pərən düşdü, minlərlə insanın həyatında iz buraxan bir boşluq meydana gəldi. Bu dövrdə görkəmli tarixçi Mehdi xan İrəvanski, şair və ədəbiyyatşünas Cəfər Xəndan, kinorejissor Hüseyn Seyidzadə, dövlət xadimi Əfşan Qədimbəyova, Xalq rəssamı Kamil Əliyev və onlarla digər azərbaycanlı ziyalı körpə yaşlarından bu faciələrin ağırlığını çiyinlərində daşımağa məcbur oldular. Hər birinin uşaqlıq illəri dağıdılmış evlər, yandırılmış məhəllələr və qətlə yetirilmiş yaxınlarla bağlı xatirələrlə keçdi.
Daşnakların hakimiyyəti dövründə öz yurd-yuvalarını tərk etmiş azərbaycanlıların yalnız bir qismi sovet hakimiyyəti qurulduqdan sonra Qərbi Azərbaycana qayıda bildi. Artıq bu ərazinin əsl sahibləri olan azərbaycanlılar öz doğma torpaqlarında “milli azlıq” vəziyyətinə düşmüşdü. Bu çətin şəraitdə Qərbi Azərbaycanın maarifçi ziyalıları və mətbuat nümayəndələri milli və mədəni dirənişi qorumaq üçün böyük fədakarlıq göstərdilər.
1921-ci ilin iyul ayında Qaraqoyunlu bölgəsindən olan Bala Əfəndiyev Ermənistan Xalq Daxili İşlər komissarının müavini vəzifəsinə təyin edildi. O, Ermənistanda yaşayan azərbaycanlılar arasında mədəni və maarif işlərinə rəhbərlik etməyə başladı. Eyni zamanda, 1921-ci ilin sonlarında Ermənistan KP MK-nın təbliğat-təşviqat şöbəsi nəzdində azlıqda qalan millətlərlə iş üçün türk bölməsi yaradıldı. 1932-ci ilin iyununda isə bu bölmə “Azlıqda qalan millətlər şurası” adını aldı.
Şura və Komitə azərbaycanlıların savadsızlığın aradan qaldırılması, uşaqların təhsilə cəlb edilməsi və kənd yerlərində ümumtəhsil məktəblərinin açılması istiqamətində geniş fəaliyyət göstərirdi. Bala Əfəndiyevin rəhbərliyi ilə yaradılmış Yeni Türk Əlifba Komitəsi də bu sahədə əvəzsiz rol oynayırdı. Komitə üzvləri Qərbi Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edərək əhali arasında maarifçilik işlərini həyata keçirir, yeni məktəblərin açılmasını təmin edir və uşaqların təhsil almasına xüsusi diqqət yetirirdilər.
Azərbaycanda qadınların maariflənməsinə də böyük önəm verilirdi. Bala Əfəndiyevin həyat yoldaşı Fatma Əfəndiyeva “Rəncbər” qəzetinin ilk qadın müxbiri olmaqla yanaşı, İrəvanda azərbaycanlı qadınlar üçün Təpəbaşı məscidində təşkil olunmuş Klara Setkina adına Qadınlar klubuna rəhbərlik edirdi. Sonralar Bülbül Kazımovanın rəhbərliyi ilə fəaliyyət göstərən klub qadınlar arasında savadsızlığın aradan qaldırılması, dərzilik kursları, teatr və özfəaliyyət dərnəkləri təşkil edir, dini mövhumata qarşı mübarizə aparırdı. 1949-cu ilə qədər fəaliyyət göstərən bu klub azərbaycanlı qadınların ictimai həyatda iştirakını gücləndirdi, onların milli şüurunun formalaşmasına xidmət etdi.
Ancaq bu fəaliyyət hər zaman asan olmamışdı. Ermənistanda hakimiyyətə gəlmiş millətçi-şovinist qüvvələr Azərbaycan dilində qəzetlərin çapına mane olur, mətbu orqanların fəaliyyətini məhdudlaşdırırdılar. Mərkəzi Komitənin katiblərindən biri olan Aşot Hovanisyan “Rəncbər” qəzetinin abunəçilərinin az olmasını bəhanə edərək onun bağlanmasına göstəriş verdi. 1922-ci ilin dekabrında Zaqafqaziya Ölkə Partiya Komitəsi də İrəvan və Batumidə türk dilində qəzetlərin çıxarılmasını dayandırmaq qərarı aldı. Nəticədə, 1921-ci ildə 31, 1922-ci ildə isə 46 nömrəsi işıq üzü görmüş “Rəncbər” qəzeti fəaliyyətini dayandırdı. Tiflisdə çap olunan “Yeni fikir” qəzeti isə Qərbi Azərbaycanın türk rayonlarının ehtiyaclarını ödəyə bilmirdi.
Bu çətinliklərə baxmayaraq, 1925-ci ildə Bala Əfəndiyevin səyləri nəticəsində “Zəngi” qəzeti işıq üzü gördü. Sonralar “Qızıl Şəfəq” adı ilə çap olunan bu qəzet azərbaycanlıların maariflənməsində, hüquqlarının qorunmasında və yeni türk əlifbasına keçid prosesində öncül rol oynadı. Qəzet, həftədə iki dəfə çap olunaraq üç il ərzində türk zəhmətkeşlərinin maarif və mədəniyyət sahəsində inkişafına böyük töhfə verdi.
1928-ci ildə “Zəngi” qəzetində dərc olunmuş “Millətçi katib” məqaləsi göstərir ki, Qərbi Azərbaycandakı azərbaycanlı gənclər müxtəlif ayrı-seçkiliklərə məruz qalmış, lakin buna baxmayaraq milli şüur və maarifçilik istiqamətində mübarizə aparmışlar. Məqalədə qeyd olunur ki, erməni millətçiliyi gənclərin təşkilatlara daxil olmasına mane olur, amma azərbaycanlı ziyalılar və pedaqoqlar bu çətinlikləri aşaraq milli maarifi yaymağa davam edirdilər.
Bu tarixi faktlar sübut edir ki, milli şüur və mədəniyyətin qorunması üçün mübarizə yalnız əsgəri və siyasi səviyyədə deyil, eyni zamanda maarifçilik, mətbuat və ictimai fəaliyyət sahəsində də aparılmışdır. Qərbi Azərbaycanda ziyalılar, qadınlar və mətbuat vasitəsi ilə azərbaycanlıların hüquq və maarifi qorunmuş, gələcək nəsillərə dəyərli bir irs qoyulmuşdur. Bu mübarizə həm mənəvi, həm də intellektual dirənişin təməlini təşkil etmiş və milli şüurun qorunmasında örnək olmuşdur./cebheinfo