Ruben Rubinyan: “Hökumət regiondakı gərginliyi ciddi şəkildə təhlil edir”
Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan jurnalistlərlə söhbətində İran ətrafında yaranmış gərginlik fonunda ölkənin Təhlükəsizlik Şurasının iclas keçirməməsi ilə bağlı suala münasibət bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
R. Rubinyan qeyd edib ki, hökumət Təhlükəsizlik Şurasının iclaslarını həm açıq, həm də qapalı formatda keçirmək imkanına malikdir.
“Əgər sual budursa ki, hökumət müvafiq qiymətləndirmələr və müşahidələr aparırmı, cavab birmənalı şəkildə “bəli”dir. Əgər hərbi əməliyyatlar qonşu ölkədə baş verirsə, bu, bütün regionun sabitliyi üçün təhdiddir”, – deyə sədr müavini vurğulayıb.
Onun sözlərinə görə, bəzi detalları ictimaiyyətə açıqlamaq məqsədəuyğun olmasa da, hökumət strateji hazırlığa malikdir və bütün mümkün ssenariləri nəzərdən keçirir.
Vitse-spiker əlavə edib ki, bu cür həssas məsələlərlə bağlı açıq bəyanatlar bəzən əlavə spekulyasiyalara səbəb ola bilər.