Rusiya-Azərbaycan münasibətlərində GƏRGİNLİK: "Ermənistanı Azərbaycana qarşı yönəltmək çətinləşəcək’"
“Rusiya Ermənistanı Azərbaycana Qarşı Yönəldə Bilməyəcək”
Bu sözləri Rusiya ilə Azərbaycan arasındakı gərginlik və bunun Cənubi Qafqaza gətirəcəyi təhlükələri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
Yusif Bağırzadə bildirib ki, Rusiyanın nüfuzu Cənubi Qafqazda aşağı düşüb:
“Rusiya ilə Azərbaycanın münasibətləri həmişə enişli-yoxuşlu olub. Bu münasibətlərin yaxşı və pis dönəmləri yaşanıb. Görünən odur ki, Rusiya hakimiyyəti daxilində problemlər var. Ya da ki, Rusiya Azərbaycanla münasibətləri korlamaq istəyir. Onun daxilində elə qüvvələr var ki, bu münasibətlər korlansın. Azərbaycan tərəfi Yekatrinburqda baş verən hadisənin araşdırılmasını tələb edir. Təyyarənin vurulması ilə bağlı da bu tələbi edirdik. Ancaq yerinə yetirilmədi.”
Politoloq bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı əlaqələr həmişə enişli-yoxuşlu olub, lakin hazırda Rusiya daxilindəki problemlər və müxalif qüvvələr bu əlaqələrin korlanmasına səbəb ola bilər.
“2022-ci ildə Rusiya ilə Azərbaycan arasında Moskva bəyannaməsi imzalandı. Bu, postsovet məkanında yüksək səviyyədə bir müqavilə hesab olunur. Çünki Rusiya, postsovet məkanında ölkələri özünə vassal kimi görürdü, ancaq bu müqavilə ilə Rusiya Azərbaycana bərabərhüquqlu yanaşdı. Belə getsə, Rusiya öz nüfuzunu Cənubi Qafqazda itirəcək. Gürcüstanla Rusiyanın münasibətləri hər kəsə məlumdur. İki ölkə arasında diplomatik münasibətlər yoxdur. Ermənistan hakimiyyətinin son addımları onu göstərir ki, Ermənistan Avropaya inteqrasiya mövqeyini tutacaq. Baş verən proseslər Rusiyanın ziyanına işləyir”
Bağırzadə, həmçinin, qeyd edib ki, Ermənistanın son addımları onu göstərir ki, Ermənistan Avropa ilə inteqrasiya yolunu tutacaq.
“Azərbaycanla Rusiya arasında böyük ticarət dövriyyəsi var. Rus şirkətləri Azərbaycanda, Azərbaycan şirkətləri isə Rusiyada işləyir. Ehtimal edirəm ki, Rusiya Azərbaycanın tələblərini yerinə yetirə bilər. Azərbaycan Rusiyanın siyasi rəhbərliyindən konkret addımlar gözləyir. Ermənistanın hakimiyyət dəyişikliyi baş tutmayacaq və Rusiya Ermənistanı Azərbaycana qarşı yönəldə bilməyəcək.” – deyə Bağırzadə sözlərinə son qoyub.
Səxavət Məmməd