!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və ABŞ-nin Türkiyəyə münasibətləri: "Bu, Ankaranın əlini daha da gücləndirə bilər" - ŞƏRH

!Reklam – Yazi

“Türkiyənin həyata keçirdiyi hava əməliyyatlarından sonra quru əməliyyatlarına da başlayacağı istisna edilmir”.

Bu sözləri Türkiyənin Suriya və İraqın şimalında PKK/KCK/YGP-yə qarşı həyata keçirdiyi hava əməliyyatları haqqında danışarkən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Türkiyə PKK-ya ölkə daxilində ciddi zərbələr endirib, ancaq adıçəkilən terror təşkilatları bu gün İraqda, xüsusən də Suriyada xarici qüvvələrin dəstəyi ilə yenidən təşkilatlanır, hətta daha da güclənir:

“Türkiyə 40 ilə yaxındır ki, istər ölkə daxilində, istərsə də ölkədən kənarda terror təşkilatları ilə mübarizə aparır. Son 6-7 ildə isə bu mübarizə daha da güclənib və terrorla mübarizədə müdafiə mövqeyindən hücuma keçib. Təbii ki, əsas məqsəd terrorun kökünü kəsməkdir. İndiyə qədər terrorla mübarizə çərçivəsində PKK-ya ölkə daxilində ciddi zərbələr endirilib. Lakin adıçəkilən terror təşkilatları bu gün İraqda, xüsusən də Suriyada xarici qüvvələrin dəstəyi ilə yenidən təşkilatlanır, hətta daha da güclənir. Nə qədər ki, Suriya və İraqda PKK-ya bağlı terrorçular var, bu, hər zaman Türkiyə üçün təhlükə mənbəyi olacaq.

Son əməliyyata gəldikdə isə qeyd edim ki, Türkiyə Silahlı Qüvvələri bundan öncə Suriya və İraqda keçirdiyi hərbi əməliyyatlarda olduğu kimi, bu dəfə də BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürərək hərəkətə keçiblər. Həmin maddəyə görə təkcə Türkiyə deyil, istənilən ölkə öz ərazisinə, sərhədlərinə, suverenliyinə yarana biləcək təhdidlərin qarşısını almaq üçün antiterror əməliyyatı keçirə bilər.

Hazırda antiterror əməliyyatları hərbi hava qüvvələrinin istirakı ilə keçirilsə də, yaxın günlər ərzində quru əməliyyatlarına start verilməsi də gözləniləndir. Türkiyənin quru antiterror əməliyyatlarına başlaması üçün kifayət qədər əsaslar da var. Belə ki, PKK, YPG, PYD terrorçuları Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsinə və Qaziantep şəhərinin Karkamış rayonuna raket zərbələri endiriblər. Ankara bunu əsas göstərərək istənilən an quru əməliyyatlarına başlaya bilər və rəsmi Ankara da bunu istisna etmir.

Təbii ki, bu səpkili əməliyyatın keçirilməsi hərbi gücdən əlavə, həm də iradə və qətiyyət tələb edir. Belə ki, əməliyyatların keçirildiyi ərazi həm ABŞ-nin, həm də Rusiyanın maraq dairəsindədir. Onlar da başa düşürlər ki, rəsmi Ankara bu əməliyyatlarla bir tərəfdən PKK, YPG, YPD-nin Şimali İraq və Şimali Suriya qanadlarının strateji nöqtələrini və hərbi obyektlərini məhv edə bilər, ikinci bir tərəfdən isə cənub sərhədlərində təhlükəsizliyi təmin edə, həm də suriyalıların geri qaytarılmasını həyata keçirmək üçün 30 kilometrlik təhlükəsiz bölgəsi yarada bilər.

Türkiyənin əməliyyatlar üçün kifayət qədər uyğun zaman seçməsi adı çəkilən hər iki ölkənin də əl-qolunu bağlayıb. Ukrayna ilə müharibə səbəbilə Rusiya hazırkı şərtlərdə Türkiyə ilə uzlaşmağa məcburdur. Kreml indiki məqamda Türkiyə ilə münasibətləri pisləşdirmək istəmir.

ABŞ isə sözdə hər nə qədər etiraz etsə də, konkret addımlar atmaqdan çəkinir. Çünki Türkiyədəki son terror aktından sonra rəsmi Ankaranın ABŞ-ni terror təşkilatlarına dəstək verməkdə günahlandırması, Ərdoğanın ABŞ tərəfindən terror təşkilatlarına loqistik dəstək, silah və texniki avadanlıqlar verildiyini açıq şəkildə bəyan etməsi ABŞ-ni çıxılmaz vəziyyətə salıb. ABŞ-nin indi açıq şəkildə Türkiyənin həyata keçirdiyi əməliyyatlara qarşı çıxması, əksinə, Ankaranın əlini daha da gücləndirə bilər.

Burada digər bir məqam da NATO-nun Finlandiya və İsveç üzərindən genişlənmə planının Türkiyədən asılı vəziyyətə düşməsi ilə bağlıdır. ABŞ yaxşı başa düşür ki, keçirilən əməliyyatlarla bağlı Türkiyəinin üzərinə getmək NATO-nun genişlənməsinin qarşısın ala bilər.

Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə uzun müddətdir haqqında danışılan 30 kilometrlik təhlükəsiz bölgə yaratmaq üçün tarixi fürsət əldə edib”.

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv