Rusiyanın casus şəbəkəsinə qarşı BÖYÜK ƏMƏLİYYAT: “Belarus işi”
Avropada böyük casus şəbəkəsi çökdürülüb. Rumıniya, Çexiya və Macarıstanın keçirdiyi birgə əməliyyatla şəbəkə ifşa edilib.
Yenicag.az “Eurojust”a istinadən xəbər verir ki, dövlət sirlərini ifşa etmək və vətənə xəyanət ittihamı ilə birgə əməliyyat keçirilib.
Nəşr əsas şübhəlinin kim olduğunu açıqlamasa da, Macarıstanın “Telex” agentliyi onun Moldova kəşfiyyatının sabiq ikinci şəxsi Aleksandru Balan olduğunu bildirib. Moldova qaynaqları da bu xəbəri təsdiqləyib.
“Eurojust” şübhəli şəxsin 2024 və 2025-ci illərdə Budapeşt şəhərində Belarusun əks-kəşfiyyat xidməti olan Dövlət Təhlükəsizıik Komitəsinin (DTK) rəsmiləriylə iki görüş keçirdiyini və bu görüşlərdə pul və tapşırıqlar aldığını iddia edir. Bu toplantıların Rumıniyanın milli təhlükəsizliyinə təhlükə yaratdığı da iddialar arasındadır.
Balanın belarusa nə qədər məlumat verdiyi hələlik məlum deyil. Onun Moldova xüsusi xidmət orqanlarından ayrıldıqdan sonra Avropadakı təhlükəsizlik konfranslarında fəal iştirak etdiyi bildirilir.
Varşava mənşəli düşüncə qurumu olan “iSANS” isə Çex Respublikasının sərhədində yaxalanan diplomatın adının Mikalay Duxsta olduğunu açıqlayıb və onun Praqadakı Belarus səfirliyində inzibati işlər üzrə məsləhətçi kimi işləyən bir DTK zabiti olduğunu bildirib.
Çex Kəşfiyyat Təşkilatının rəhbəri Miçal Kudelka Avropanın Şengen zonasındakı açıq sərhədlərin xüsusi xidmət orqanlarının rus və belarus casuslarının kəşfiyyat fəaliyyətlərini dayandırmasını çətinləşdirdiyini bildirib. O bu cür təhdidlə mübarizədə Rusiya və Belarusdan akkreditə olunmuş diplomatların Şengen bölgəsi daxilində hərəkətinin məhdudlaşdırılmasının lazım olduğunu vurğulayıb.