Rusiyanın dezinformasiya maşını işləyir
Xəbər verdiyimiz kimi, FTX-nin “Sputnik-Azərbaycan”da işləyən 2 əməkdaşı saxlanılıb.
Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılanlar isə “Sputnik”in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousovdur.
Onların saxlanılmasından sonra isə Rusiyanın dezinformasiya maşını işə düşüb. Belə ki, Rusiya kütləvi informasiya vasitələrində Kartavıxın şəkərli diabetdən əziyyət çəkdiyinə və müntəzəm insulinə ehtiyac duyduğuna dair məlumat yayılıb. Azərbaycanın saxlanılanların səhhətinə ciddi yanaşmadığı yönündəki eyhamlar Rusiyanın son günlərdə artan anti-Azərbaycan mövqeyinin göstəricisidir.
Rusiya tərəfi bütün dünyada humanizmlə tanınan Azərbaycanın heç bir halda şiddətə əl atmadığını bütün ölkələrdən daha yaxşı bilməlidir. Erməni separatçıların Bakıda hüquq prinsiləri əsasında mühakimə edilmələri bunun bariz nümunəsidir.
Hər halda, Yekaterinburqda iki soydaşımızı vəhşicəsinə qətlə yetirən, digərlərinə işgəncələr verən Rusiya tərəfinin Azərbaycanı belə bir şeydə ittiham etməyə cəhd göstərməsi, yumşaq deyilsə, sadəlövhlükdür.