“Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimatı keçirildi – FOTO / VİDEO

Bu gün Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan və rus dillərində hazırlanan biblioqrafiyada görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin Sabir Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında məlumat verilir.

Tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək bildirib ki, bu vəsait yazıçı haqqında ilk fundamental biblioqrafiyadır:

“Kitabda şairin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapıb. Sabir Rüstəmxanlı bütün duyğularını, azadlıq arzularını, vətəndaşlıq borcunu, xalqının taleyindən nigaranlığını hər zaman öz əsərlərində qələmə alıb”.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, Sabir Rüstəmxanlı bütün oxucu kütləsinin etibarını qazanan bir sənətkardır:

“Vətəndaşlıq poeziyası, milli istiqlal ruhu, müstəqillik ideyaları, dövlətçilik onun yaradıcılığının əsas ana xəttini təşkil edir. Fəxrlə deyə bilərəm ki, Sabir Rüstəmxanlı Azərbaycanın milli istiqlal mübarizəsinə çox böyük töhfələr verib”.

Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli isə öz çıxışında qeyd edib ki, Sabir Rüstəmxanlı yaradıcılığını üç dövrə bölmək olar:

“Birinci mərhələ 70-ci illəri əhatə edir ki, bu mərhələdə Sabir Rüstəmxanlının şairlik keyfiyyətləri ortaya çıxır. İkinci mərhələ şairin yaradıcılığında yeni mərhələ hesab edilə bilər. Bu mərhələdə onun yaradıcılığının yeni xüsusiyyətləri “Gəncə qapısı”, “Qan yaddaşı”, “Sağ ol, ana dilim” kimi əsərlərdə əks olunur. Üçüncü mərhələdə o, Azərbaycan türk poeziyasının “atəş xəttinin” önünə keçir”.

Tədbirin davamında Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, şair Məmməd İsmayıl, Milli Məclisin deputatları Nizami Cəfərov, Əlövsət Ağalarov və başqaları çıxış ediblər.

Sonda Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək tədbirdə iştirak edən hər kəsə, təşkilatçılara təşəkkürünü bildirib. O, biblioqrafiya və onun bölmələri, əhatə genişliyindən bəhs edərək əməyi keçən hər kəsə minnətdarlığını çatdırıb.

Gülşən Şərif
Cavid Qaçayev