Direktor eyni anda üç şəhərdə necə işləyib və təhsil alıb? – Vüqar Qurbanovun təyin etdiyi kadrın tərcümeyi-halından xəbəri var?

media-hightechnic-468x90

 

Şamaxı Mərkəzi Xəstəxanasının direktoru Natıq Əliyev haqda ciddi suallar yaranıb.

Yenicag.az xəbər verir ki, gənc direktor Natıq Əliyevin tərcümeyi-halı ilə bağlı ortaya çıxan suallar ciddi müzakirələrə yol açıb. Sosial mediada onun təhsil və əmək fəaliyyəti haqda təqdim olunan rəsmi məlumatlar zaman, məkan və status baxımından ciddi uyğunsuzluqlar təşkil edir ki, bu da bir sıra əsaslı şübhələr yaradır.

Belə ki Natıq Əliyevin rəsmi tərcümeyi-halında göstərilir ki, o:

– 2013–2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində təhsil alıb;
– 2018–2022-ci illərdə Azərbaycanda yoluxucu xəstəliklər üzrə rezidentura təhsili alıb.

Ancaq rəsmi məlumatlara görə o eyni dövrdə:

– 2019–2020-ci illərdə Türkiyənin Kocaeli Universitetinin Araşdırma ve Uygulama Xəstəxanasında infeksion xəstəliklər və klinik mikrobiologiya sahəsində təhsil alıb;
– 2020–2022-ci illərdə Türkiyənin Mərmərə Universitetində təhsilini davam etdirib.

Bu məlumatlar sual yaradır: Natıq Əliyev rezidenturanı Azərbaycanda davam etdirərkən, eyni zamanda Türkiyədə necə təhsil ala bilib?

Eyni zamanda direktorun əmək fəaliyyətində də ziddiyyətlər var:

Rəsmi məlumata görə, o:

– 2018–2021-ci illərdə Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant,
– 2021–2022-ci illərdə həmin mərkəzdə sanitar həkim,
– 2020–2022-ci illərdə Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist kimi fəaliyyət göstərib.

Deməli, eyni dövrdə Natıq Əliyev həm Naxçıvanda, həm Bakıda, həm də Türkiyədə çalışır və təhsil alırmış. Bu isə zaman-məkan baxımından qeyri-mümkün olan bir vəziyyət yaradır. Üstəlik, pandemiya dövrünü əhatə edən həmin illərdə infeksionist həkimlərin fiziki iştirakı həyati əhəmiyyət daşıyırdı. Beləliklə, onun bu dövrdə həqiqətən harada fəaliyyət göstərdiyi sual altındadır.

Mümkün suallar və iddialar:

1. Təhsil və diplom məsələsi: Natıq Əliyevin təqdim etdiyi diplomlar və rezidentura təhsilinə dair məlumatlar nə qədər doğrudur? Yayılan xəbərlərə görə, onun əslində rezidentura təhsili yoxdur. Rezidentura təhsili olmamaq natamam ali təhsil sayılır və qanunvericilik çərçivəsində onun direktor təyin edilməsinə mane olmalıdır.

2. “Kağız üzərində” fəaliyyət?: Həmin dövrdə bəzi müəssisələrdə onun adının faktiki olaraq yalnız ştat cədvəlində saxlanıldığı iddia olunur. Bu iddialar doğrudursa, o zaman Natıq Əliyevin təcrübəsi və vəzifəyə təyinatı qanun pozuntusuna səbəb olur.

3. Pandemiya illərində iştirak sualı: COVID-19 pandemiyası zamanı infeksion xəstəliklər üzrə həkimlərin aktiv fəaliyyəti tələb olunurdu. Belə olan təqdirdə Natıq Əliyev həqiqətən harada çalışıb?

Yuxarıda qeyd olunan ziddiyyətlər Şamaxı Mərkəzi Xəstəxanasının direktoru Natıq Əliyevin təyin olunması ilə bağlı ciddi suallar yaradır. Onun təhsil, iş təcrübəsi və fəaliyyət dairəsi dərindən araşdırılmalı, müvafiq dövlət qurumları məsələyə aydınlıq gətirməlidir. Belə bir şəxsin səhiyyə müəssisəsinə rəhbərlik etməsi həm tibbi xidmətin keyfiyyətinə, həm də insanların sağlamlığına birbaşa təhlükə yaradır.

Təəssüf ki, TƏBİB-in belı səhv. kadr siyasətindəki ciddi çatışmazlıqlar, səhiyyə sahəsində bir çox fəsadlara yol açır. Rəhbərlik, vəzifələrə namizəd seçərkən onların ixtisasına, təcrübəsinə və uyğunluğuna lazımi diqqət yetirmir, nəticədə bu cür kadr təyinatları tibb xidmətinin keyfiyyətini birbaşa təhlükə altına atır. Əgər bir şəxsə rəhbərlik vəzifəsi həvalə olunursa, ilk növbədə onun təhsil və əmək fəaliyyətinin, eləcə də sahə üzrə dərin biliklərinin olması nəzərə alınmalıdır. Lakin hazırkı vəziyyət göstərir ki, TƏBİB rəhbərliyi bu prosesə ya məsuliyyətsiz yanaşır, ya da tamamilə başqa kriteriyalara uyğun davranır. Belə bir yanaşma təkcə sistemin nüfuzuna deyil, vətəndaşların sağlamlığına da ciddi zərər vurur.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa