Liderlərin “yeni il” mesajlarının ŞİFRƏLƏRİ: Putin daxili auditoriyaya, Zelenski isə…
Vladimir Putin və Volodimir Zelenskinin yeni il çıxışlarında ifadə etdikləri mövqelər onların müharibəyə yanaşmalarındakı fundamental fərqləri aydın şəkildə ortaya qoyur. Bu çıxışlar bir tərəfdən Rusiyanın müharibənin davamında israr etdiyini, digər tərəfdən isə Ukraynanın sülh axtarışlarının məcburiyyət çərçivəsində olduğunu göstərir.
Yenicag.az xəbər verir ki, Putin çıxışında Rusiyanın hərbi əməliyyatlarını “ədalət və həqiqət uğrunda bir mübarizə” kimi təsvir edib. O, Rusiyanın bu müharibədə haqlı tərəfdə olduğunu söyləyib və cəmiyyəti daha güclü həmrəyliyə çağırıb:
“Ədalət və həqiqət bizim tərəfimizdədir. Bu, bizim tarixi irsimizi qorumaq və gələcək nəslimizə hüquqlarını miras qoymaq, əcdadlarımızın əzəməti ilə yaşamaq üçün bir mübarizədir”.
Onun çıxışı tamamilə daxili auditoriyanı hədəfləyib, müharibəyə dəstək cəhdlərinə yönəlib və heç bir anda sülh prosesinə yer ayırmayıb. Bu, Kremlin hələ də hərbi güc yolu ilə məqsədinə çatmaq istədiyini və diplomatik həll yollarını prioritet olaraq görmədiyini göstərir.
Zelenski isə Rusiya ilə kəskin fərq təşkil edən bir dil istifadə edərək sülhə çağırışını vurğulayıb. O, Ukraynanın məqsədinin yalnız öz torpaqlarını qorumaq deyil, həm də demokratiyanı müdafiə etmək olduğunu deyib: “Biz sülhə inanırıq, onun üçün mübarizə aparırıq və onun üçün işləyirik. Bu, sadəcə müharibə deyil; bu, azadlıq və gələcəyə olan inam uğrunda mübarizədir. Dünya Ukraynanın mövqeyini dəstəkləyir və biz sülhə nail olacağıq”. Amma Zelenskinin çıxışından belə görünür ki, Ukrayna sülhü sadəcə bir seçim kimi deyil, müharibənin gətirdiyi məcburiyyətlər səbəbindən vacib yol kimi görür. Burada Tramp iqtidarının təzyiqləri də gözardı etməmək lazımdır.
Qısacası, Rusiya tərəfinin sülhə dair heç bir açıqlama verməməsi, hələ də hərbi strategiyanı əsas məqsəd olaraq götürməsi diplomatik həll yolunun yaxın zamanlarda mümkün olmayacağını göstərir. Ukraynanın beynəlxalq dəstəklə davam etdiyi mübarizə isə sülhə doğru məcburi bir irəliləyişdir, lakin bu, iki tərəf arasında uzlaşmanın çətin olacağı mesajını verir.
Aqil Ələsgər












