Sahiyyə nazirinin iddiasına ETİRAZ: “Əgər bütün vaksinlərin təsiri eynidirsə…” – Sərdar Cəlaloğlu

“Bir sıra vaksinlər özünün əks-göstəriciləri səbəbindən satışdan yığışdırılıb, onların istehsalı dayandırılıb”.

Bu fikirləri səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayevin Real TV-yə müsahibəsində COVID-19 əleyhinə vaksinlərin hamısının təsirinin eyni olması haqda fikirlərinə münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

ADP sədrinin sözlərinə görə, ayrı-ayrı ölkələrdə istehsal olunan eyni təyinatlı dərmanların belə tərkibi və təsirləri bir-birilərindən fərqlənir:

“Bu iddia qətiyyən doğru deyil. Çünki vaksinlərin hər biri müxtəlif üsullarla hazırlanır. Hətta eyni zavodda hazırlanan vaksinlər belə əksər hallarda fərqli olur. Bu, onların texnoloji hazırlıq prosesi və ya tərkibindən asılı olan məsələdir.

Hətta sizə deyim ki, bu gün ayrı-ayrı ölkələrdə istehsal olunan eyni təyinatlı dərmanlar belə müxtəlifdir. Onların tərkibi və təsirləri bir-birilərindən fərqlənir. O baxımdan, koronavirus əleyhinə vaksinlərin hamısını eyniləşdirmək olmaz.

Düzdür, o vaksinlərin hamısı eyni məqsədlə hazırlana bilər, lakin bildiyiniz kimi, bir sıra vaksinlər özünün əks-göstəriciləri səbəbindən satışdan yığışdırılıb, onların istehsalı dayandırılıb. Bu fakt vaksinlərin hamısının eyni təsirə malik olması iddiasını puça çıxarır.

Başqa tərəfdən, əgər vaksinlərin hər birinin təsiri eynidirsə, Azərbaycan niyə müxtəlif ölkələrdən vaksinlər alır və ya onların istehsalını təşkil etmir? Bu da cavab tələb edən sualdır.

Ona görə də, əsla düşünmürəm ki, koronavirus əleyhinə hazırlanmış vaksinlərin hamısının təsiri eynidir. Hər bir dərman preparatının təsiri hazırlandığı ölkədən asılı olaraq keyfiyyətinə, formasına və digər parametrlərinə görə dəyişir. Məsələn, İngiltərədə hazırlanan “Parasitamol” Rusiyada hazırlanan həmin dərmandan fərqlənir. Vaksinlərlə bağlı vəziyyət də belədir”.

A.Zeynalov

COP29