Sərdar Cəlaloğludan Qüdrət Həsənquliyevə CAVAB: “Turistləri cəlb edək, orada özümüz üçün pul qazanaq”
“Dünyanın heç bir yerində heç bir insan Kəbənin heç eynisini belə haradasa yaradılmasını təklif edə bilməz”.
Bu sözləri Yenicag.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Partiya sədri Milli Məclisin deputatı, Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) sədri Qüdrət Həsənquliyevin Kəbə evinin prototipinin Azərbaycanda yaradılmasını təklif etməsini şərh edərək bu təklifi sərt şəkildə qınayıb:
“İslama qarşı bütün dünyada bidət xarakterli ideyalar səslənməkdədir: namazın ləğvi, orucluğun ləğvi və ya vaxtının qısaldılması, Həcc ziyarətinin Kərbəla ziyarəti ilə əvəz edilməsi, əsl Məkkənin indi olduğu yerdə olmaması və s. Burada təbii ki, məqsəd İslam dünyasını çaş-baş salmaq, insanlarda şübhə yaratmaq, dinin müqəddəsliyini və aliliyini bazar alveri səviyyəsinə endirmək məqsədi güdür. Əslində, baxsaq, Kəbə Allahın yerdəki evidir. Yəni faktiki olaraq biz müsəlmanların öldükdən sonra axirət aləmində yığışacağımız yer Kəbəni simvolizə edir. Allah Kəbəni özünün yerdəki evi adlandırır. Bu, özü də bilavasitə Quranda yazılıb harada olduğu. Ona görə də dünyanın heç bir yerində heç bir insan Kəbənin heç eynisini belə haradasa yaradılmasını təklif edə bilməz. Bu şirkdir, Allaha şərik qoşmaqdır. Çox adam belə düşünür ki, bu Kəbə nədirsə, təsadüfən ərəblərin özlərinin düzəltdiyi bir yerdir, məqsəd də pul qazanmaqdır. Ona görə də təklif edirlər ki, gəlin, biz də özümüzə Kəbə düzəldib orada özümüz üçün pul qazanaq”.
Partiya sədri qeyd edir ki, Azərbaycanda fəaliyyət göstərən dini icma və ilahiyyatçıların İslamı düzgün təbliğ etməməsi ucbatından insanlar Kəbə evinə qazanc yeri kimi baxırlar:
“Təəssüf ki, hazırda Azərbaycanda İslamdan əsər-əlamət yoxdur. İslam institutları heç biri öz vəzifələrini yerinə yetirmir. Nə dini qurumlar, nə Qafqaz Müsəlmanları İdarəsi, nə də dini liderlər dinə qarşı edilən hücumlara müqavimət göstərmirlər, dini savadsızlığı aradan qaldırmaqla bağlı konkret addımlar atmırlar, dini maarifləndirmə ilə bağlı heç bir iş görmürlər. Ona görə də çox adam belə düşünür ki, bu Kəbə nədirsə, təsadüfən ərəblərin özlərinin düzəltdiyi bir yerdir, məqsəd də pul qazanmaqdır. Ona görə də təklif edirlər ki, gəlin biz də özümüzə Kəbə düzəldib turistləri cəlb edək, orada özümüz üçün pul qazanaq. Azərbaycanda çoxlarına görə Həcc ziyarəti bir turist səfəri kimi düşünülür. Bu təklifi verən adama elə gəlir ki, Həcc ziyarətinə gedən adamlar turistlik səfər edirlər. Bu, çox böyük günahdır. Namaz və orucla birlikdə dinin sütunlarından biridir Həcc ziyarəti. Hər insan heç olmasa, ömründə bir dəfə bu ziyarətə getməlidir. Bu Allahın əmri, başdan ayağa dini bir prosesdir. Burda söhbət nə ticarətdən, nə turistlik gəzintidən nə də başqa heç nədən gedə bilməz. Ona görə də dünyanın heç bir yerində belə bir müqəddəs məkan yaratmaq mümkün deyil”.
ADP lideri sonda Azərbaycanda bir çox şəxsin İslamın mahiyyətini bilmədən danışmaqda günahlandırıb:
“Azərbaycanda ayrı-ayrı ictimai, siyasi xadimlər İslamın mahiyyətini bilmədən İslamla bağlı şirk, küfr kimi cümlələr işlədirlər və bunun da fərqində deyillər ki, bir müsəlman üçün bu cür fikirlər səsləndirmək böyük günahdır və bu cür fikirlər müsəlmanların izzəti-nəfsini təhqir etmək və Allahın əmrlərini şübhə altına almaq deməkdir”.
Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev “Azərbaycanda yeni Kəbə yaradılsın. Allahın evinin eynisini tikə bilərik. Ərəbistandan xahiş edə bilərik ki, Kəbənin örtüyünün birini də bizə bağışlasın” deyərək Kəbənin Azərbaycan versiyasını yaratmağı təklif etmişdi. Deputat bu açıqlamanı “Modern.az” saytına verdiyi müsahibəsində səsləndirmişdi.
Nurlan Cəfəri