Yenicag.az xəbər verir ki, Salyan rayonu Yuxarı Noxudlu kəndində məskunlaşmış Qubadlı rayonundan məcburi köçkün Novruzov Əli İsa oğlu Ölkə.Az-a müraciət edərək, həyatının təhlükədə olduğunu bildirib.
Onun bildirdiyinə görə, bu ilin mart ayının 10-da atası Novruzov İsa dünyasını dəyişib və həmin gündən etibarən kənd icra nümayəndəsinin və bir sıra sakinlərin təzyiqinə məruz qalıb:
“On altı ildir ki, bizim burada əkib becərdiyimiz torpaq sahəmiz var. Atam martın 10-da dünyasını dəyişib. Onun qırxı çıxmamış yerə bir neçə şəxs iddia qaldırdı. Bu barədə rayon icra başçısının müavini Təranə xanıma müraciət etdim. Aprelin 10-da polis əməkdaşı Cəfərov Rəşad məni təhqir etdi. Bu adam həmin torpağa iddia edir. Mənə dedi ki, sən qaçqınsan burda nə gəzirsən, get torpağını al, ya da ermənilərlə yaşa. Halbuki bizim ailədən şəhid də var, Qarabağ veteranı da. Eyni sözləri kənd icra nümayəndəsi Kamran əsədov da təkrarladı. Bu yerə kəndin digər sakini Məmmədov Vüqar Sərxoş oğlu da iddia edir. Həyatım təhlükədədir, bu adamlar məni hədələməkdən, təhqir etməkdən çəkinmirlər. İki gün öncə Daxili İşlər Nazirliyində məsul şəxsin qəbulunda oldum. Bu gün nazirlikdən Ağayev soyadlı polkovnik-leytenant gəldi. Bu şəxslər polkovnik-leytenantın yanında da məni təhqir etdilər. İnanıram ki, aidiyyatı qurumlar bununla bağlı tədbir görəcəklər. Çünki mənim başqa gedəcək yerim yoxdur, bu kənddə on ildir müəllim işləyirəm, böyük ailəyə baxıram. Amma bu adamlar mənim məcburi köçkün olduğumu əsas gətirib kənddən çıxmağımı istəyirlər”.
Mövzunu diqqətdə saxlayacağıq.
www.yenicag.az