Nənə-baba 16 nəvəni illərlə eyni otaqda qapalı saxlayıb
ABŞ-ın Ohayo ştatında başqa bir cinayət işi ilə bağlı axtarış aparılan köhnə evdə təsadüfən yaşları 1,5 ilə 18 arasında dəyişən 16 uşaq tapılıb.
Yenicag.az xəbər verir ki, illərlə xarici aləmdən tamamilə təcrid olunan və zibillik içində tək bir otağa qapadılan uşaqların varlığından qonşuların belə xəbərsiz olduğu məlum olub. Hadisədən dərhal sonra uşaqların anası, atası, nənəsi və babası saxlanılıb.
ABŞ-ın Ohayo ştatının Hemden (Hamden) kəndində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı dəhşətli insanlıq dramının üstü açılıb. Fərqli bir istintaq çərçivəsində köhnə və baxımsız evdə reyd keçirən polislər, eyni ailəyə mənsub 16 uşağı qeyri-insani şəraitdə aşkarlayıblar.
Hadisə ilə bağlı açıqlama verən Ohayo Baş prokuroru Endi Vilson (Andy Wilson) vəziyyətin tamamilə təsadüf nəticəsində məlum olduğunu bildirib: “Orada 16 uşaqla qarşılaşacağımızı ağlımıza belə gətirmirdik. Bu, ölkəmizdə görməyə adət etmədiyimiz, insanı dəhşətə gətirən və qan donduran bir hadisədir”.
Aparılan ilk araşdırmalarda uşaqların son dörd ilin böyük hissəsini təxminən 3,5 kvadratmetrlik tək bir otaqda, antisanitariya, insan tullantıları və zibillərin arasında keçirdiyi müəyyən edilib. Yaşadıqları ağır laqeydlik və işgəncə səbəbindən uşaqlardan bəzilərinin danışmaq qabiliyyəti qazanmadığı, inkişaf qüsuru olan 18 yaşlı ən böyük qardaşın isə hətta adını belə yaza bilmədiyi bildirilib.
Məlumata görə, ailənin son 20 ildə davamlı olaraq Cənubi Ohayoda yerini dəyişərək izini itirməyə çalışdığı ehtimal olunur. Hadisə baş verən evin 3 qonşuluğunda yaşayan 60 yaşlı Cozef Stüart (Joseph Stewart) adlı məhəllə sakini təəccübünü gizlədə bilməyib: “Mən hər gün o evi və həyəti rahatlıqla görə bilirdim, lakin indiyə qədər orada bir dənə də olsun uşaq görməmişəm”.
Əməliyyatdan dərhal sonra sağlamlıq vəziyyəti kritik qiymətləndirilən uşaqlardan ikisi helikopterlə olmaqla, ümumilikdə 7 bacı-qardaş təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
Müalicəsi tamamlanan digər uşaqlar isə Ohayo İş və Ailə Xidmətləri Departamenti tərəfindən dövlət mühafizəsinə götürülüb. Azyaşlıların həyatını təhlükəyə atmaqda və onlara qarşı ağır laqeydlik nümayiş etdirməkdə ittiham olunan ana, ata, həmçinin nənə və baba çıxarıldıqları məhkəmənin qərarı ilə həbs ediliblər. Hakim hər bir müttəhim üçün 300 min dollar məbləğində girov təyin edib.
Faktla bağlı başladılan genişmiqyaslı araşdırmalar davam etdirilir.
Ayşən













