Sena Parlar: “Türkiyəni sarsıtmaq istəyənlər şəhər mərkəzlərində PUSQUDADIR”
“Türkiyənin daxili sabitliyini pozmaq istəyən çevrələr yalnız sərhədlərdə deyil, şəhərlərin tam mərkəzində də pusqudadır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Sena Parlar deyib.
O, Türkiyənin Yalova əyalətində İŞİD terrorçuları ilə polis arasında yaranan silahlı münaqişənin bir “mesaj” olma ehtimalından danışıb. Siyasi şərhçi bildirib ki, Yalova Marmaranın sakit siması, sükutun ünvanıdır:
“Lakin son günlərdə bu sükut silah səsləri ilə pozuldu. İŞİD üzvləri ilə baş verən qarşıdurma zamanı üç qəhrəman polis əməkdaşı şəhid oldu. Bu hadisə adi bir terror əməliyyatı idimi, yoxsa pərdə arxasında daha böyük bir mesaj gizlənirdi?
Sual sadədir: Niyə məhz Yalova? Terror təsadüfi hədəf seçmir, xüsusilə də bu qədər simvolik bir coğrafiyada. İstanbula yaxın, diqqət mərkəzində olan, eyni zamanda təhlükəsiz sayılan bir ərazidə belə bir strukturun üzə çıxması təkcə ‘təşkilati fəaliyyət’lə izah edilə bilməz. Burada psixoloji təzyiq və mesaj vermə niyyəti də axtarılmalıdır.
Türkiyə son dövrlərdə Yaxın Şərqdə, Qafqazda və Şərqi Aralıq dənizində müstəqil siyasət yürüdən aktora çevrilib. Bu müstəqillik hər zaman qəbul edilmir. Bəzən səssiz təhdidlər, bəzən də ‘daxildən’ verilən mesajlarla özünü göstərir.
İndi isə əsas sual budur: Bu mesajı kim göndərdi?
Terror təşkilatlarının arxasında dayanan güc mərkəzlərini görməzdən gəlmək artıq sadəlövhlük deyil, məsuliyyətsizlikdir. Türkiyəni daxildən sarsıtmaq istəyən çevrələr yalnız sərhədlərdə deyil, şəhərlərin tam mərkəzində də pusqudadır. Amma unutduqları bir həqiqət var: Bu millət susmaz, əyilməz və unutmaz!”
Nəsimi Ələsgərli












