Üzeyir Şəfiyev: “Əhalini işlə təmin etməklə məsələ tam həllini tapmır. Regionlarda mənəvi həyatın dirçəldilməsi də çox vacib məsələdir”.
Eldəniz Əmirov: “Yararlı torpaq sahələri, o cümlədən su ehtiyatları doğru mütənasiblik gözlənilərək bölüşdürülərsə, regionların iqtisadi inkişafına nail olmaq olar”.
Regionların sosial-iqtisadi inkişafı Azərbaycanın prioritet saydığı, dövlətin qarşıya qoyduğu əsas məsələlərdən biridir. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qəbul etdiyi dövlət proqramı var. Dövlət proqramında müəyyənləşdirilən sistemli addımlar uğurla həyata keçirilir və inkişafın yüksək səviyyədə təmin olunması üçün davam etdirilir.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Yenicag.az-a açıqlamasında “şəhərlə kənd arasındakı mənəvi baxımdan fərqi azaltmaq prioritet məsələ olmalıdır”, deyib.
O bildirib ki, bu gün regionlarda sosial-iqtisadi inkişafın təmin olunması üçün dövlət istər məşğulluq, istər sosial yardım, istərsə də sosial müdafiə ilə bağlı bir sıra sosial paketlər təqdim edib:
“Sadalanan addımlarla yanaşı regionların sosial-iqtisadi inkişafı üçün əlavə tədbirlərə ehtiyac var.
Düzdür, Prezident İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafına dair bir neçə dövlət proqramı qəbul olunub. Həmin dövlət proqramlarına fikir versək, çox əhəmiyyətli məqamlara toxunulduğunun şahidi olarıq. Regionların həm iqtisadi, həm də sosial inkişafı ilə bağlı istiqamətlər müəyyənləşdirilib və yerli icra məmurları qarşısında öhdəliklər qoyulub.
Ölkədaxili vəziyyəti müşahidə edərkən regionlardan şəhərə böyük axın olduğunun şahidi olarıq. Bu, çox ciddi məsələdir və kompleks yanaşma tələb edir. Kəndlər çox böyük sürətlə boşalır, vəziyyət isə ahılların xeyrinə dəyişir. Yaranan vəziyyət həm regionlarda, həm də mərkəzdə böyük problemlər yaradır. Gəlmələrin şəhərə adaptasiyası, mərkəzdə işsizlik səviyyəsinin yüksəlməsi həll olunması vacib olan çox mühüm məsələlərdir.
Bu mənfi halın qarşısının alınması üçün regionlarda əhalinin məşğulluq səviyyəsini artırmaq lazımdır. Dövrümüzün tələblərinə uyğun məşğulluq sahələrinin açılması mütləqdir. Əlavə olaraq digər addımlar da yaddan çıxarılmamalıdır.
Əhalini işlə təmin etməklə məsələ tam həllini tapmır. Regionlarda mənəvi həyatın dirçəldilməsi də çox vacib məsələdir. Çünki orta və gənc nəsil mənəvi ehtiyaclarını ödəməlidir. Bunun üçün mədəniyyət klublarının artırılması, teatr fəaliyyətinin, kitabxanaların yeni standartlara uyğun modernləşdirilməsi mütləqdir.
Əvvəllər regionlarda kollektiv iş sahələri var idi. İndi də bu cür kollektiv iş sahələri yaratmaq lazımdır. Yəni bir sözlə, yalnız işsizliyin aradan qaldırılması, məşğulluğun yüksəldilməsi məsələsinə yox, insanların mənəvi ehtiyaclarının ödənməsinə də çalışmaq lazımdır. Şəhərlə kənd arasındakı mənəvi baxımdan fərqi azaltmaq prioritet məsələ olmalıdır.
Dövlət proqramının icrasının nə dərəcədə təmin olunduğuna dair monitorinq keçirmək lazımdır. Yerli icra məmurlarının regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramını nə dərəcədə reallaşdıra bildiyi yoxlanmalıdır. Məmurlar hesabatlar hazırlayaraq dövlətə təhvil verməlidir”.
Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini bölüşən iqtisadçı ekspert Eldəniz Əmirov “illərin tələblərinə uyğun olaraq fərqli yanaşmalar mütləqdir”, deyib.
O bildirib ki, regionlarda iqtisadi inkişafa nail olmaq üçün “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” var:
“Bu strategiya sənədində həm ərazi, həm sahə, həm də zamanlar üzrə tədbirlər planı müəyyənləşdirilib. Müəyyənləşdirilən bu planlar reallaşdırıldığı zaman regionlarda iqtisadi inkişafa nail ola biləcəyik.
İllərin tələblərinə uyğun olaraq fərqli yanaşmalar mütləqdir. Prosesə kompleks şəkildə yanaşmaq lazımdır. Əlavə olaraq regionların spesifik xüsusiyyətlərindən irəli gələn sahələrin prioritet olaraq seçilib inkişaf etdirilməsinə çalışmaq lazımdır.
Hazırda rəqabət məcəlləsinin qəbul olunması məsələsi gündəmdədir. Strategiya planı müəyyənləşdirildiyi kimi reallaşdırılsa, eyni zamanda bu məcəllə qəbul edilsə, ölkənin kənd təsərrüfatı üçün yararlı torpaq sahələri, o cümlədən su ehtiyatları doğru mütənasiblik gözlənilərək bölüşdürülərsə, regionların iqtisadi inkişafına nail olmaq olar. Bilmək lazımdır ki, hazırda regionların inkişafında kənd təsərrüfatı yeganə istiqamət deyil, birinci istiqamətdir”.
Nəsimi Ələsgərli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanmışdır.