!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Soyuq Körfəz savaşı”nda ŞOK ANLAŞMA: İran Səudiyyə Ərəbistanının diqtəsinə tabe oldu

!Reklam – Yazi

Ər-Riyad və Tehran 7 il davam etmiş “qırılma”dan sonra diplomatik əlaqələrin bərpasına qərar veriblər.

Yenicag.az xəbər verir ki, yaxın Şərq regionunda səngiməyən “nüfuz müharibəsi”nin iki əsas tərəfi olan Səudiyyə Ərəbistanı ilə İran arasında 2016-cı ildə kəsilmiş diplomatik əlaqələrin bəra edilməsinə yönəlik razılığa gəlinib. Ötən gün Çinin paytaxtı Pekində baş tutan danışıqlardan sonra əldə olunan anlaşmanı Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri Musaid bin Məhəmməd və İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani öz imzaları ilə təsdiqləyiblər.

Anlaşmanın şərtlərinə əsasən, sözügedən ölkələr qarşıdakı iki ay müddətində Ər-Riyadda və Tehranda öz səfirliklərinin fəaliyyətini bərpa etməlidirlər. Əlbəttə, münasibətləri son dərəcə kəskinləşən və hətta savaş həddinə çatan bu ölkələr arasında razılaşmaya varılmasına mürəkkəb prosesin nəticəsi kimi yanaşılmalıdır. O baxımdan, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan bu mövzuda verdiyi açıqlama maraqlı görünür. Səudiyyəli nazir diplomatik etiketdən kənara çıxmayaraq, anlaşmanı ölkəsinin bütün mübahisələri siyasi-diplomatik vasitələrlə çözməyə üstünlük verməsinin göstəricisi olaraq, dəyərləndirib.

Yuxarıda da qeyd olunduğu kimi, Yaxın Şərq regionuna təsir uğrunda tarixi rəqabətə malik olan bu dövlətlərin münasibətlərində gərginliyin yeni fazası İranda 1979-cu il İslam İnqilabından sonra başladı.

Molla rejiminin inqilabın “nailiyyət”lərini bölgədə yaymaq siyasəti və son dərəcə aqressiv tövrü Ər-Riyadla Tehranı qarşı-qarşıya gətirdi. İran-İraq müharibəsinin gedişində, ondan sonrakı dönəmdə və son olaraq, “Ərəb baharı” dalğasında cərəyan edən proseslər fonunda İranın Aralıq dənizinə qədər uzanan “Şiə hilalı” formalaşdırmaq siyasəti bu qarşıdurmaya əlavə təkan verdi. 2016-cı ildə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən silahlı hücum isə diplomatik münasibətlərin kəsilməsi ilə nəticələndi. Beləliklə, qiyabi gərginliyin davam etdiyi həmin dövrdən sonra tərəflər aradakı “buz”ları sındırmağa qərar verdilər.

Təbii ki, münasibətlərin bərpasına yönəlik anlaşma prosesinə nəzər saldıqda, burda ilk növbədə İranın maraqlı olduğunu söyləmək mümkündür. Özünü bir tərəfdən regiondakı əsas dövlətlərlə qarşıdurma vəziyyətinə salan, digər tərəfdənsə, daxildə etiraz dalğasının baş qaldırdığı İran vəziyyətin bu məcrada davam etməsinin mümkün nəticələrini hesablayaraq geri addım atmaq məcburiyyətində qaldı.

Hər halda, Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin bərpasına dair danışıqların Pekində təşkil olunması səbəbisz deyil. Məlumata görə, İran prezidenti İbrahim Rəisi Çinə bir neçə həftə əvvəl baş tutan səfəri zamanı rəsmi Pekindən Səudiyyə Ərəbistanı ilə münasibətlərin bərpası üçün vasitəçi olmağı xahiş edib. Məhz Çin lideri Si Cinpinin İranın xahişi ilə dövrəyə girməsindən sonra prosesə start verilib.

Mövcud şəraitdə İranın Səudiyyə Ərəbistanı ilə qarşıdurmanı sona çatdırmaq istəyini bir neçə ciddi səbəblə əlaqələndirmək mümkün olsa da, burada ilk növbədə Səudiyyə kralı Salman bin Əbdüləziz əs-Səud və vəliəhd şahzadə Məhəmməd ibn Salmanın bütün istiqamətlərdə yürütdüyü kifayət qədər effektli siyasətin təsiri mütləq qeyd olunmalıdır. Məhz yürüdülən məqsədyönlü siyasət İranın küncə sıxılması ilə nəticələnərək Tehranı sülh istəmək məcburiyyətinə gətirib. İran Səudiyyə Ərəbistanının iqtisadi və hərbi qüdrətinin davamlı yüksəlişi şəraitində bu ölkə ilə tarixi rəqabəti davam etdirmək imkanında olmadığını qəbul etmiş oldu.

Səudiyyə Ərəbistanı Krallığının istər İranla münasibətlərdə, istərsə də digər məsələlərdə tutduğu ardıcıl və prinsipial mövqe rəsmi Ər-Riyadın aktivinə yazılan çox cidd üstünlükdür. Bunu görmək üçün uzağa getməyə ehtiyac yoxdur. Səudiyyə Ərəbistanı İrandan fərqli olaraq, Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanla diplomatik münasibətlər qurmayıb və işğal aradan qaldırılmasından sonra da bu siyasətini hələ ki dəyişməyib. Eyni zamanda, Səudiyyə Ərəbistanı İslam Konfransı Təşkilatı (İKT) və başqa beynəlxalq qurumlarda Ermənistanın işğalçı dövlət kimi tanınması üçün Azərbaycana hər zaman dəstək verib və bu amil rəsmi Bakı tərəfindən çox yüksək qiymətləndirilib.

Maraqlıdır, İran Pekində imzaladığı anlaşmanın şərtlərinə zidd olan siyasətindən birdəfəlik imtina edəcəkmi? Mövcud vəziyyətinə baxdıqda, İranın indiki şəraitdə belə bir riskə getməyəcəyini söyləmək olar. Bununla belə, molla rejiminin beynəlxalq ictimai rəydə İranın məğlubiyyəti kimi qiymətləndirilən bu yanaşmanı dəyişməyə cəhd edəcəyi şübhə doğurmur.

COP29

www.yenicag.az

903
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv