Nail Kəmərli ona verilmiş saxta medallardan imtina etdi - FOTO
“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış bloger Nail Kəmərli ona verilmiş saxta medallardan imtina edib.
Yenicag.az xəbər verir ki, o deyib:
“Bir neçə il əvvəl “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyindən mənimlə əlaqə saxlayıb təltif edildiyimi bildirdilər, təşkilatın ofisinə dəvət etdilər. Açığı, tam mahiyyətinə varmadım. Medalları mənə “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev təqdim etdi, foto da çəkdirdik. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi – 25”, “Milli Ordu-100” adlı medallar idi. Bu günlərdə tanış oldum ki, Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanat yayaraq, QHT-lərin orden və medal təsis etməsini ciddi qanun pozuntusu adlandırıb. Heç demə, mənə verilənlər də saxta medallar imiş.
Belədirsə, düşünürəm ki, indi ən düzgün yol bu saxta medallardan imtina etməkdir. Onların heç bir dəyəri yox imiş. Vətəndaşı medalla və ordenlə ancaq dövlət təltif edə bilər”.
Nail Kəmərli bu mövzuda son günlər yayılmış məlumatlarda müharibədə iştirak etməyən şəxslərə də ayrı-ayrı QHT-lər tərəfindən saxta “Müharibə veteranı” medalları paylanmasından böyük təəssüf hissi keçirdiyini bildirdi:
“Bu, ilk növbədə şəhidlərimizə, əsl müharibə veteranlarımıza qarşı açıq hörmətsizlikdir, onların əməyini başqalarının adlarına çıxmaqdır. Buna yol vermək olmaz”./Bizim.Media/